“Qəbələ” – “Qarabağ” finalı qaçılmazdı. Ölkə kubokunun ilk oyunlarından sonra qalib gələn komandaların məşqçi və futbolçularının açıqlamalarına əhəmiyyət verməyin – təvazökarlıq ediblər.

“Barselona” – PSJ oyununu da nümunə gətirməyin, çünki “İnter” və “Neftçi”də səfər oyununda cütün taleyini xeyrinə dəyşə biləcək ruh yoxdu. Evdə 2 top fərqiylə məğlubiyyət elə son deməkdi. Finalda paytaxt komandalarının olmayacağını əminliklə demək olar.

Dünən ilk yarımfinal oyununda üz-üzə gələn bütün komandalar qismən eksperimental heyətə güvənmişdi. Lakin xüsusən “İnter”in bəzi aparıcı oyunçuları ehtiyatda saxlaması qəribə idi. Lider oyunçu olan Zurab Xizanişvilinin start heyətində yer almaması sanki könüllü məğlub olmaq istəməyə bənzəyirdi. “Qəbələ” də bu hədiyyədən imtina etmədi – erkən qol vurdu.

Qonaqlar ilk qolu penaltidən vurdu. Halbuki həmin epizodda “İnter”in futbolçusunun əllə oynamaqdan daha yaxşı variantları var idi, Elnur Abdullayev isə uşaq səhviylə yadda qaldı. Lakin fasiləyəcən hesab bərabərləşdi. Bununla belə, səfərdə qol vuran “Qəbələ” böyük üstünlük qazandı.

Fasilədən sonra “İnter”in müdafiəsi açıq qapını xatırladır, qonaqların istənilən hücumu təhlükəli alınırdı. “Qəbələ”nin futbolçuları ilk 15 dəqiqədə artıq böyükhesablı qələbəni təmin edə bilərdi, onlarsa saysız qol epizodlarının yalnız birini qola çevirdilər. Düzdü, “qırmızı-qaralar” 3-cü qolu da vurdu, lakin yan xətt hakimi hansısa səbəbdən onu hesaba almadı. Ola bilsin, Mehman Mahmudov Daniel Subotiçin oyundankənar vəziyyətdə olmasını əsas götürdü. Halbuki serb hücumçu həmin epizodda nə Rafael Silvanın zərbəsindən sonra epizoddan uzaqda idi, qapıçının görmə bucağını da kəsmirdi.

Zurab oyuna girəndən sonra “İnter”in müdafiəsinin toparlanacağını gözləyirdik. Qəribə olan isə mərkəz müdafiəçisinin də səhvləri sıralaması oldu. Gürcü öncə sağ cinaha çəkilib hücum qurarkən səhv etdi və “Qəbələ”nin oyunçusuna gözəl “ötürmə” etdi. Qonaqlar bu epizodu dəyərləndirməsə də, Xizanın növbəti səhvindən sonra başlayan epizodun davamında hesab 3:1 oldu. Bu dəfə Filip Ozobiçə qarşı aşkar kobudluq penalti kimi dəyərləndirildi və zərəçəkən cərimə zərbəsindən toru silkələdi. Halbuki bu epizodda da hakimlər düzgün qərar vermədi. Xorvat futbolçu kobudluqla dayandırılsa da, Sergey Zenyov toru silkələmişdi. Lakin hakimlər qolu qeydə almayıb, penalti qərarında israr etdi. Qapıçıya sonuncu ümid foluna görə qırmızı vərəqə verilsəydi, bunu başa düşmək olardı. Lakin, lakin, lakin…

İstənilən halda, 3:1 hesablı qələbə “Qəbələ”ni cavab oyunu öncəsi tam rahatlaşdırdı. Cavab oyununda möcüzə baş verməyəcək. Roman Qriqorçuk ayağına gəlmiş bu fürsəti qaçırmaz. Bununla belə, ukraynalı məşqçi müdafiədə nələrisə dəyişməlidi. Çünki “Qəbələ”yə qol vurmaq olduqca asandı. Hücumçuların saysız qol şanslarını israfçılıqla xərclədiyini nəzərə alsaq, bu, qarşıdakı oyunlarda komandaya ciddi problemlər yarada bilər.

“Neftçi” – “Qarabağ” oyununda isə qonaqların heyətində qəribə eksperimentlər gördük. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov ikinci heyətə şans vermişdi. Müdafiəni tamamilə yeni oyunçulardan quran çalışdırıcı aylardı ehtiyatda qalan Elvin Yunuszadəylə Arif Daşdəmirovu start heyətinə salmış, Qara Qarayev sağ cinahda oynatmağa qərar vermişdi. Hətta qapı da gənc Çahruddin Məhəmmədəliyevə tapşırılmışdı.

“Neftçi”yə meydana çıxıb qalib gəlmək qalırdı. Lakin matç göstərdi ki, bakılılar hətta “Qarabağ”ın əvəzedici heyətindən də zəifdi. Son vaxtların ən yaxşı oyununu sərgiləyən qonaqlar fasiləyədək 2 gözəl qol vurub, məsələni həll etdi. İkinci hissədə top saxlayan, “Neftçi”ni statist rolunu oynmağa məcbur edən komanda bununa finala gedən yolunu xeyli hamarlaşdırdı.

80 illik yubileyində titula həsrət qalacağı reallaşmaqda olan “Neftçi”nin bu məğlubiyyəti onu çempionata köklənməyə məcbur edəcək. Avropa Liqasına vəsiqə üçün 4-cü yeri tutmağa məhkum komanda qalan 5 turda bütün matçlara final gözüylə baxmağa məcburdu. Yoxsa apreldə klub yenə çalxalanacaq, yenə ciddi dəyişikliklər olacaq.

AĞA

Shares: