Azərbaycan kubokunun yarımfiinal mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub etdi. Futbolinfo.az xəbər verir ki, qonaqların qələbəsində xüsusi pay sahibi olan Daniel Subotiç saytımıza müsahibə verib.
– Oyunumuzdan çox razı qaldım. Ancaq az qol vurmağımız məni narahat edir. “İnter”lə oyunun ilk hissəsində xeyli imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. “Neftçi”yə məğlubiyyət və AZAL-la oyunda gözlənilməz xal itkisindən sonra mütləq qələbə qazanmalı idik.
– İlk penalti epizodunda topu Ozobiç götürsə də, zərbəni siz vurdunuz. Bu zaman xorvatiyalının narazılığı hiss olunurdu…
– Yox, orada heç bir problem yox idi. Qərara gəldik ki, ikinci penalti olsa, Ozobiç vursun. Gördüyünüz kimi, elə də oldu. Biz dostuq, komanda yoldaşıyıq və aramızda problem ola bilməz.
– Son oyundan sonra nə dəyişdi ki, komanda qələbə qazandı?
– AZAL-a qarşı pis oynamamışdıq, amma qol vura bilməmişdik. Yenə deyirəm, hücumlar edirik, qol vura bilmirik və bu, məni narahat edir.
– Bu qələbədən sonra “Qəbələ”ni finalda hesab etmək olar?
– Kubok oyunları xüsusi xarakterli olur. “İnter”in təslim olduğunu düşünmürəm. Əlbəttə, növbəti oyunda da qələbə qazanmağa çalışacağıq. Finala çıxmaq üçün yaxşı şansımız var. Lakin, artıq finalda olduğumuzu deyə bilmərik.
– Finala çıxsanız, rəqibinizin hansı komanda olmasını istəyərsiz?
– Bu, bizim üçün önəmli deyil. “Qəbələ” Azərbaycanın ən güclü və ən böyük komandasıdı. Finaldakı rəqibimizin “Neftçi” və ya “Qarabağ” olmasının önəmi yoxdu.
NİCAT SALMANLI