Azərbaycan Premyer Liqasının həftəsonu keçiriləcək 24-cü turu aşağı dəstəyə yuvarlanacaq komandanın adına aydınlıq gətirə bilər. Futbolinfo.az xəbər verir ki, AZAL-ın sonuncu pillədə qalacağını rəsmiləşdirməsi aprelin 2-də baş tutacaq qarşılaşmalardan asılıdı.
“Təyyarəçilər” Premyer Liqadan sona 4 tur qalmış uçmamaq üçün “İnter”lə səfər oyununda mütləq qalib gəlməlidi. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda qalib gələ bilməsə, indidən yüksək dəstəyə vida edəcək.
Çünki hazırda 10 xala malik AZAL 7-ci olan “Kəpəz”dən 14, 6-cı olan “Sumqayıt”dan 15 xal geridədi. Paytaxt təmsilçisinin yeganə xilas yolu bütün oyunlarda, o cümlədən iki əsas rəqibinə qalib gəlməkdədi. Üstəlik, Gəncə təmsilçisi 1-dən artıq xal yığmamalıdı və ya sumqayıtlılar bütün matçları uduzmalıdı.
AZAL qalib gəlsə belə, “təyyarəçilər” qəzadan qaçmış olmaya da bilər. I diviziona yalnız bir komanda düşəcəyindən həm “Kəpəz”, həm də “Sumqayıt” Premyer Liqadakı yerini indidən təmin etməyə iddialıdı. “Sumqayıt” “Neftçi”dən 1 xal alsa, AZAL-ın oyununun nəticəsindən asılı olmayaraq elitada yerini qoruyacaq.
“Kəpəz”i isə bunun üçün “Qarabağ” üzərində qələbə lazımdı. Bunun gerçəkləşməsi real görünmür. Amma “İnter Arena”da meydan sahiblərinin qalib gəlməsi gəncəlilərin də işini asanlaşdıracaq. Bakılılar “İnter”i məğlub etsə, “Sumqayıt”ın 1, “Kəpəz”in 3 xal qazanması autsayderə vida etmək üçün əsas verəcək.
Amma AZAL-ın digər iki komandadan asılı olmayaraq, aşağı dəstəyə düşəcəyini söyləmək olar. Çünki 23 turda cəmi 1 qələbə qazanan paytaxt təmsilçisinin 5 oyunun hamısında qalib gəlməsi mümkünsüz görünür. (Apasport)