Topaz Premyer Liqasının yeni mövsümünü minimum 10 komandanın iştirakı ilə təşkil etmək istəyən AFFA çətin vəziyyətdədi. Belə ki, maliyyə problemləri üzündən hətta indiki sayı saxlamaq da müşkül məsələyə çevrilib.
 
Hazırda əsas liqada 8 komanda iştirak edir və sonuncu pilləni tutacağı şübhə doğurmayan AZAL-ın vəziyyəti qaranlıqdı. Rəhbərlik hələ ki, komandanı himayəsində saxlayacağını qətiləşdirməyib. Ona görə də bu klubun nəinki elitada, hətta Birinci Divizionda çıxış etməsi də sual altındadı.
 
“İnter”in yeni mövsümdə hansı simaya bürünəcəyi də yayda bəlli olacaq. Kluba yeni sponsor tapılmasa, bakılıların AFFA-nın ianələri hesabına zəif kollektivə çevrilməsi mümkündü. Komandanın Avropa Liqasında necə mübarizə aparması da onun taleyinin müəyyənləşməsi baxımından həlledici rol oynayacaq.
 
Daha bir gözlənilməzlik “Zirə” ilə bağlıdı. İlk baxışdan “qartallar” problemsiz klub təsiri bağışlayır, ancaq bu komandanın yaşaması da avrokuboklara vəsiqə qazanmasından asılıdı. Vüqar Astanovun gedişindən sonra kluba prezident təyin olunmayıb, sponsorlar xərcləri qarşılamaqda çətinik çəkir. Düzdü, nəticələr pis deyil: komanda debüt mövsümündə mükafatçılar sırasına düşdü, bu il də 4-cü pilləyə ən real namizəddi. Gəl ki, himayədarlar qitəmiqyaslı turnirlərdə iştirak istəyir. Bu arzu reallaşmasa, “Zirə”nin zəifləməsi, hətta yayda elitada oynamaqdan imtinası mümkündü.
 
3 klubun taleyinin qaranlıq olduğu bir vaxtda Premyer Liqada minimal say Divizionun aparıcı klubları hesabına düzəldiləcək. Lakin burada əsas problem elitaya can atan “Turan Tovuz”, “Səbail”, “Zaqatala” və “Mil Muğan”ın hamısının maliyyə asılılığının eyni mənbədən olmasıdı. AFFA vasitəsi ilə SOCAR-dan qidalanan bu klubların Premyer Liqaya gəlməsi neft şirkətini ciddi çətinliyə sala bilər. “Neftçi”ylə “Kəpəz”in də eyni xəttdən maliyyələşməsini nəzərə alsaq, vəziyyət başadüşüləndi.
 
Düzdü, “Şəmkir”in yüksək dəstəyə buraxılması variantı da var. Amma qərb klubunun stadion və s. lisenziya tələbləri ilə bağlı ciddi çatışmazlıqları mövcuddu. AFFA ya onların problemlərinə göz yummalı, ya xərcləri boynuna götürüb, iştirakçı sayını özü düzəltməli, ya da “İnter”lə “Zirə”nin dirilməsini arzulamalıdı.
Shares: