Bu gün Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk turun bütün görüşləri eyni gündə baş tutacaq.
Topaz Premyer Liqası
24-cü tur
2 aprel (bazar)
16:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Şaiq Həmidov.
Sumqayıt. “Kapital Bank Arena”.
Turun açılış matçı Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı təmsilçisi doğma meydanda "Neftçi" ilə qarşılaşacaq. Turnir cədvəlində qonşu olan komandaların dueli heç də az prinsipiallıq daşımır. Məsələ burasındadı ki, "Sumqayıt" qış fasiləsindən sonra uğurlu çıxış edən və onu qabaqlamağa nail olan "Neftçi"ni yenidən önə keçmək üçün əla şans əldə edib. Son turlarda uğursuz çıxış edən Samir Abasovun komandası üçün bu oyunda hətta heç-heçə də sərfəli nəticə sayılmayacaq. Ölkə kubokunun yarımfinalında "Qarabağ"a qarşı keçirdiyi ilk oyunda 2 cavabsız qolla uduzan Elxan Abdullayevli "Neftçi" isə bu səfər matçından mütləq qalib ayrılmaqla həm azarkeşləri qarşısında bəraət qazanmağa, həm də çempionatdakı uğurlu çıxışını davam etdirməyə çalışacaq. Mümkün heç-heçə və qələbə paytaxt təmsilçisinin 5-ci pillədəki mövqeyini qorumasına da şərait yaradacaq.
Son iki matçda qol vuran komanda qalib gəlib. “Sumqayıt” son iki ev matçında qələbə əldə edib. Tərəflər əvvəllər 19 oyunda üz-üzə gəliblər ki, onların 6-da sumqayıtlılar, 11-də isə bakılılar qalib gəliblər. Cəmi 2 dəfə heç-heçəyə razılaşan komandalar yubiley matçına çıxacaqlar. Əvvəlki oyunların top fərqində də paytaxt təmsilçisi üstündü.
Bu mövsüm baş tutan oyunlara gəlincə, ilk iki dövrədə "Sumqayıt" qalib gəlib. "Neftçi" yalnız üçüncü dövrədə bu rəqibinə qalib gələ bilib. Birinci dövrədə Cavid İmamverdiyevin 6-cı dəqiqədə hesabı açdığı oyunda Yusif Nəbiyev 19-cu dəqiqədə bərabərlik qoluna imza atmışdı. 71-ci dəqiqədə isə Seymur Əsədov qonaq komandaya əzmkar qələbə qazandırmışdı. İkinci dövrədə isə sumqayıtlıların qələbəsini Amit Quluzadə ilə Mirabdulla Abbasovun vurduğu qollar həll etmişdi. Yeri gəlmişkən, həmin oyunu da bu matça təyinat almış Rəhim Həsənov idarə etmişdi. Üçüncü dövrədə də sumqayıtlılar "Neftçi"yə ciddi müqavimət göstərə bildilər. Lakin 86-cı dəqiqədə Uqo Barqasın vurduğu yeganə qol Bakı klubunun minimal hesablı qələbəsi üçün yetərli oldu.
Statistika: 19 oyun, +6, =2, -11, top fərqi 22-35.
1-ci dövrə: 2:1
2-ci dövrə: 2:0
3-cü dövrə: 0:1
17:00. “İnter” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “İnter Arena”.
Növbəti oyunda iki paytaxt klubunun duelinə şahidlik edəcəyik. “İnter” öz meydanında AZAL-la qarşılaşacaq. Çempionatın aşkar autsayderinə çevrilən Tərlan Əhmədovun komandası bu oyunda da şanslı hesab olunmur. Ölkə kubokunun yarımfinalında "Qəbələ"yə uduzan “İnter” isə mütləq qələbə qazanmaqla üçüncü pillədəki mövqeyini möhkəmləndirməyə çalışacaq.
“İnter” ardıcıl 4 qarşılaşmada qələbə qazanıb. 14 oyundu qələbə qazana bilməyən AZAL 4 ilə yaxındır bu rəqibi ilə görüşlərdə 3 xal əldə etmir. Əvvəlki 33 oyundan 15-də “İnter” 3 xalı bayram edib. 13 oyunda qalib müəyyənləşməyibsə, "təyyarəçilər" sadəcə, 5 dəfə qələbəyə seviniblər. Top fərqində də “İnter” daha öndədi.
Tərəflər arasında cari mövsümdə keçirilmiş oyunların hamısında "İnter" qalib gəlib. Birinci dövrədə Şüvəlanda baş tutan görüşdə Nizami Hacıyev, Rauf Əliyev və Ağabala Ramazanovun vurduğu qollar qarşılığında AZAL sadəcə, Nuqzar Kvirtiyanın vurduğu topla təsəlli tapmışdı. İkinci dövrədə "İnter Arena"da isə darmadağın qeydə alınmışdı. Özü də maraqlıdı ki, həmin oyunda "İnter"i müdafiəçiləri (Ruslan Abışov, İlkin Qırtımov və Slavik Alxasov) sevindirmişdi. Üçüncü dövrədə "AZAL Arena"da baş tutan son qarşılaşmada isə Nizami Hacıyev komandasına vacib 3 xal qazandırmışdı.
Statistika: 33 oyun, +15, =13, -5, top fərqi 35-21
1-ci dövrə: 3:1
2-ci dövrə: 3:0
3-cü dövrə: 1:0
18:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Lider “Qarabağ” bu tur əzəli rəqiblərindən olan “Kəpəz”lə qarşılaşacaq. Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün rəqibini mütləq məğlub yola salmalıdı. Avrokuboklara vəsiqə qazanmaq ümidində olan Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi üçün Qurban Qurbanovlu “Qarabağ”a qarşı mübarizə aparmaq heç də asan olmayacaq. Qonaqlar üçün çətin səfərdən hətta 1 xalla qayıtmaq da ciddi uğur sayıla bilər.
“Qarabağ” 19 oyundur bu rəqibinə məğlub olmur. Bu müddətdə ağdamlılar 15 qələbə qazanıb, 4 heç-heçə edib. 15 ildir qalib gəlməyən qərblilər son 8 oyunda qol buraxıb. Ümumilikdə, tərəflər arasındakı əvvəlki 44 oyundan 21-də Ağdam, 14-də isə Gəncə təmsilçisi qələbə qazanıb. Qalan 9 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlıların üstünlüyü var.
Bu mövsüm bu komandalar arasında baş tutmuş ilk oyunda heç-heçə qeydə alınıb. "Braziliyalıların günü"ndə Dario Federiko gəncəliləri hesabda önə keçirsə də, Reynaldo ağdamlıları məğlubiyyətdən xilas edə bilmişdi – 1:1. İkinci dövrədə "Azərsun Arena"da Dino Ndlovunun vurduğu erkən qol "Kəpəz" üzərində qələbə üçün yetərli olmuşdu. Üçüncü dövrədə Gəncədə baş tutan son qarşılaşmada isə Mahir Mədətov gəncəliləri məyus etmişdi.
Statistika: 44 oyun, +21, =9, -14, top fərqi 59-53
1-ci dövrə: 1:1
2-ci dövrə: 1:0
3-cü dövrə: 1:0
18:30. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Qəbələ şəhər stadionu.
Turun mərkəzi oyununda ötən mövsümün mükafatçıları “Zirə” və “Qəbələ” üz-üzə gələcək. Bu qarşılaşma xüsusilə ikinci pillədə qərarlaşmış və çempionluq uğrunda mübarizə aparan “Qəbələ” üçün böyük əhəmiyyət daşıyır. Roman Qriqorçukun komandası ən azı lider "Qarabağ"la aradakı xal fərqini qorumaq üçün mütləq qələbə qazanmalıdı. Amma avrokuboklara vəsiqə qazanmaq iddiasında olan və dördüncü pillədə qərarlaşmış zirəlilər də çətin səfərdən ən azı bir xalla qayıtmaq iddiasındadılar.
“Zirə” 4 oyundur bu rəqiblə görüşlərdə qələbə qazana bilmir. “Qəbələ” son 5 matçda meydanı qolsuz tərk etməyib. Əvvəlki 7 oyundan 3-də "Qəbələ" qalib gəlibsə, "Zirə" cəmi 2 dəfə belə uğura imza atıb. İki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqində də bölgə təmsilçisinin üstünlüyü diqqət çəkir.
Bu mövsüm keçirilmiş oyunlara gəlincə, "Qəbələ" birinci dövrədə Zirədə keçirilmiş oyunda 2 cavabsız qola sevinmişdi. Teo Uiksin dublu inamlı qələbə üçün yetərli olmuşdu. İkinci dövrədə Filip Ozobiç "Qəbələ"ni doğma meydanda sevindirmişdi. Üçüncü dövrədə Zirədə baş tutan görüş isə daha məhsuldar və gərgin alınmışdı. 37-ci dəqiqədə Daniel Subotiç qonaqları hesabda önə keçirsə də, Viktor İqbekoyi fasilədən sonra tarazlığı bərpa etmişdi. Filip Ozobiçin 88-ci dəqiqədə vurduğu qol zamanı hər kəs "Qəbələ"nin qələbə qazanacağını düşündüyü bir vaxtda Riçard Qadze səhnəyə çıxaraq 90+4-cü dəqiqədə qol vurmaqla qonaqlara şok yaşatmışdı.
Statistika: 7 oyun, +3, =2, -2, top fərqi 9-5.
1-ci dövrə: 2:0
2-ci dövrə: 1:0
3-cü dövrə: 2:2