"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– AZAL-a və Tərlan Əhmədova uğurlar arzu edirəm. Çempionatın son matçı idi. Avrokuboklar uğrunda son ana kimi mübarizə getdi. Buna hazı idik. İstədiyimizə nail olduq. Rəhbərlik bizə hər cür şərait yaratmışdı. Onların etimadını doğrultmağa çalışdıq. Ağır oyunlar oldu. Sevinirik ki, cəmi 2 oyunda məğlub olduq. Döyüşkən komanda yaratmaq istəyirdik, buna nail olduq. Qarşımıza qoyulan məqsədə çatdıq. Hələ böyük iş görməmişik, Azərbaycanı yaxşı təmsil etməyə çalışacağıq.

– Hazırkı büdcə avrokuboklarda uğurlu çıxış etmək üçün yetərli olacaq?
– Bu oyuna köklənmişdik. Avropa arenasında uğurlu çıxış etmək üçün daha da güclənmək lazımdı. Bunu həm də növbəti çempionata aid etmək olar. Çalışacağıq ki, yeni transferlər olsun.

– Ən çox hansı mövqeyə oyunçu transfer etmək istəyirsiniz?
– İlboyu komandamızda rəqabət var idi. Amma bəzi mövqelərə 2 oyunçumuzun olmasını istəyirik. Məşqçilərlə son 6 ayı analiz edib, qərara gələcəyik. Hər mövqeyə yeni oyunçu alınmasına ehtiyac var.

– Təmkin Xəlilzadəyə iddialı klublardan təklif var…
– Hamının Təmkindən danışması sevindiricidi. Onunla iki gündü söhbət edirəm ki, təkliflər onu aldatmasın. Bu gün ona oynamaq lazımdı. Çalışacağıq ki, komandada saxlayaq, amma son sözü özü deyəcək.

ELMAR ABDULLA-ZADƏ

Shares: