"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Futbolçularımı təbrik edirəm. Çempionatın son matçı olsa da, düzgün oynamağa çalışdılar. "Neftçi"yə növbəti mövsümdə uğurlar arzu edirəm. Bu il alınmadı. Gələn mövsüm yaxşı olar. 

– Hazırlıq planı bəllidi? 
– İyunun 1-də yığışacağıq. Yəqin ki, 2 həftə Bakıda olacağıq. Daha sonra Avstriyaya getməyi planlaşdırırıq. 

– Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi? 
– Zədə almayıb, yorğunluq var idi. Ona görə əvəzlədim. 

– Əsas heyətə güvədiniz. Qarşıda kubokun finalı var, zədələrdən çəkinmirsiz? 
– Zədələr məşqdə də ola bilər. Ona görə narahat olmadım. 

– Dino Ndlovu bir qol da vursa, bombardir ola bilərdi. Bunun üçün çalışdığını hiss etdiniz? 
– Bu normal haldır. O, hər oyunda qol vursa, lap yaxşı olar. 

– Kubokun finalında psixoloji üstünlüyün "Qarabağ"ın tərəfində olacağını söyləmək olar?
– Kubok tam fərqli turnirdi. Psixoloji üstünlüyün bizim tərəfimizdə olduğunu düşünmürəm. 

– Yəqin ki, təlim-məşq toplanışında yoxlama matçları keçirməyi planlaşdırırsız… 
– Əlbəttə, oyunlar olacaq. Beş matç keçirsək, yaxşı olar. Ən azı 4 görüş olacaq. 

– Abbas Hüseynov və Təmkin Xəlilzadə ilə maraqlandığınız doğrudu? 
– Bəli, Abbasla maraqlanmışıq. Onun "Qarabağ"a keçidi mümkündü. Təmkinlə bağlı ehtimal isə azdı.

CAVAD

Shares: