"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Bu gün çempiona qarşı oynadıq. İlk hissədə bərabər oyun getdi. Fasilədən sonra "Qarabağ” təzyiqi artırdı və qollar vurdu. Həyat davam edir. Növbəti mövsümə hazırlaşacağıq.

– Azarkeşsiz oyun xoşunuza gəldi?
– Bu mövzunu şişirtmək istəmirəm. Sözümü təkcə "Forza "Neftçi”yə deməmişəm. Sadəcə, bəzi azarkeşlər var ki, gəlib söyüş söyürlər. Həmin azarkeşləri nəzərdə tutmuşam.

– Qış fasiləsində komandanı pis vəziyyətdən çıxaracağınızı dediniz. Amma "Neftçi” mövsümü 7-ci pillədə tamamladı. İndi isə gələn mövsüm daha yaxşı olacağını söyləyirsiz…
– Təssüf ki, mövsümü 7-ci pillədə bitirdik. Komandaların sayı az olsa da, çox maraqlı çempionat oldu. "Qarabağ” və "Qəbələ”ni çıxmaq şərti ilə qalan komandalar eyni səviyyədə idi. Yeni mövsüm barədə danışmaq hələ tezdi. Qarşıda komandanın iclası olacaq. Ondan sonra bu barədə danışarıq. Vaxtımız çoxdu.

– Hazırkı durumunuzu karyeranızın ən pis dövrü adlandırmaq olarmı?
– Əlbəttə ki, razı deyiləm. Çempion olsaydıq belə, özümdən narazı olacaqdım. "Neftçi”də öz işimin 30 faizini görmüşəm. Hələ qarşıdan daha çox vaxtımız var. 

– Vəli Qasımov da ötən il komandanı avrokuboklara apara bilmədi və nəticədə göndərildi. Onunla fərqiniz nədi?
– Vəli Qasımovla özümü müqayisə etmək istəmirəm. Biz avrokuboklarda iştirak etmək üçün tam hazır olmalıyıq. Bu gün "Neftçi” Avroliqaya hazır deyil. İstəyirik ki, tam hazır olub, uğurlu nəticələr əldə edək.

– Həmişə deyirdiz ki, mövsümü sonunda görüşərik. İndi mövsümün sonudu, buyurun…
– Söz yox, komanda uğurlu çıxış etmədi. Amma bu barədə danışmaq istəmirəm. Məni rəhbərlik tələsdirmir. Burada qalıb işimi görəcəyəm. Rəhbərlik mənə güvənir və özümü doğruldacam. Kimsə məni sevməyə bilər. Hər kəsin öz fikri var. Fakt budu ki, "Neftçi"nin baş məşqçisiyəm. Ya dözməlisiz, ya da vurub öldürməli.

CAVAD

Shares: