Topaz Premyer Liqasının 28-ci turunda keçirilən AZAL – “Zirə” (0:3) oyunundan sonra qonaqların müdafiəçisi Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– Qalib gəlib, avrokuboklara vəsiqə qazandınız. Təəssüratlarınız necədi?
– Matça ciddi hazırlaşmışdıq. Bizim üçün finala bərabər oyun idi. Bir məğlubiyyət hər şeyi dəyişə bilərdi. Amma istədiyimiz nəticəni əldə etdik. Qarşımızda uzun müddət var, istirahət edib, Avropa Liqasına hazırlaşacağıq. 

– Oyunun gedişində “Kəpəz” – “İnter” matçı haqda düşünürdünüz?
– Xeyr, məşqçilər də tapşırmışdı ki, biz xalımızı qazansaq, digər qarşılaşmanın nəticəsi bizim üçün önəmli olmayacaq.

– Özünüzü avrokuboklara nə dərəcədə hazır sayırsız?
– İki ildi ki, Premyer Liqada çıxış edirik, yaxşı kollektivimiz var. Ötən mövsüm gümüş medal qazanmışdıq, bu dəfə də minumum avrokuboklara vəsiqə qazanmaq istəyirdik. Yəqin ki, yeni transferlər ediləcək və daha da güclənəcəyik.

– Oyundan sonra meydançada elə də şadyanalıq hiss olunmadı…
– İçdən-içə çox sevinirdik, yəqin kənardan hiss olunmadı. 

– Son günlər adın “Qarabağ” və “Neftçi” ilə hallanır. Gedişin gözlənilirmi?
– Hələ ki, heç bir klubla danışıq aparmamışam. Eşitdiyimə görə, təkliflər var. Amma ilk olaraq “Zirə” ilə danışacam. Yalnız ondan sonra başqa təkiflər haqda düşünəcəm. 

ELMAR ABDULLA-ZADƏ

Shares: