Təhqiramiz, Elxan Abdullayevin dediyi kimi, "xuliqan dəstəsi"nə yaraşan banner idi bəlkə də. Amma etiraf etməliyik ki, kreativ düşünülmüşdü və təqdimatı da əla alındı. Daha yaxşı mesaj verən bir şey olsaydı, zövqümüzü oxşayardı. Nə etmək olar ki, "Qarabağ" azarkeşləri bunu düşünmüşdü.
 
Dünən Topaz Premyer Liqasında mövsümün son oyunu "Bakcell Arena"da baş tutdu. Komandanın nəticələri üzündən azarkeşlərin boykot edib, yalqız qoyduğu "Neftçi" "Qarabağ"a yenə uduzdu. Və daha sarsıdıcı zərbəni qonaq azarkeşlər vurdu. Məlum təhqiramiz plakatla onlar rəqibi əməlli-başlı rüsvay etdilər. Əzilmiş, məhv edilmiş, 7-ci sıraya məhkum edilmiş 80 yaşlı qocaya yubiley ilində bundan pis sillə ola bilməzdi.
 
Əslində, bu banner başıqapazlı uşağa vurulan növbəti zərbə idi. Bu addım hamının acıladığı, gözümçıxdıya saldığı, yiyəsiz təsiri bağışlayan bir komanda ilə məzələnmək sayılmalıdı. Özü də onun öz meydanında belə bir rüsvaylı plakat açmaq cəsarət tələb edirdi.
 
Tərbiyəsiz jest heç vaxt alqışlana bilməz. Bu səbəbdən, hər nə qədər kreativ düşünülsə də, "Qarabağ" azarkeşlərinin hərəkəti qəbuledilməzdi. Lakin buna cavabı onu haqq edən verməlidi. Hətta jurnalistlərin də matçın əvvəlindən bildiyi, reallaşacağını gözlədiyi plakatın açılmasının qarşısını ala bilmirsə, deməli, "Neftçi" rəhbərliyi ümumiyyətlə, heç nəyi bacarmır – nə komanda qurmağı, nə klub idarəçiliyini. Səni öz meydanında 20-30 metrlik plakat açıb təhqir edirlərsə, deməli, hətta evinin də yiyəsi deyilsən.
 
Elxan Abdulayev azarkeşləri təhqir edəndə, rəhbərlik onun arxasında durduğunu bildirən bəyanat yayanda bu addım da gözlənilən idi. Yiyəsiz qalmış "Neftçi" bu şəkildə ələ salındı, alçaldıldı. Matçdan sonra klub işçilərinin bir-birini qınaması, əsəbləşməsi gec verilən reaksiya idi. "Qarabağ" rəhbərliyi bunu müstəqil fan-klubun işinə arışa bilməmələri ilə izah etdi. Onlara da xoş deyildi, münasibətlərin bu şəkildə pozulmasını istəməzdilər, lakin yenə də bunun qarşısını almalı olan bakılılar idi.
 
Daha bir ədavətin əsası belə qoyuldu. Yeni mövsümdə "Neftçi" azarkeşləri bunun əvəzini çıxmağa çalışacaq, hətta dava, qarşıdurma da istisna deyil. Lakin bunun üçün öncə "Neftçi" özü güclü olmalıdı. Əks halda, növbəti vaqonlar stansiyaya yaxınlaşacaq.
 
AĞA
Shares: