Mayın ilk günlərində "Neftçi"də 2 istefa reallaşacaq. Klub məşqçi köməkçiləri ilə yolları ayıracaq.
 
Futbolinfo.az xəbər verir ki, palan döyəcləyən klub rəhbərliyi bütün uğursuzluqların əsas səbəbkarı olan baş məşqçi Elxan Abdullayevi yola salmaq üçün daha uyğun zamanı gözləyəcək. Özü istefa verməyən, rəhbərliyin isə hansısa səbəbdənsa qova bilmədiyi çalışdırıcının köməkçiləri – Aleksandr Deriberin və İqor Getman yola salınacaq.
 
Bu qərar boşuna verilməyib. Məşqçilər "Zirə" ilə oyundakı məlum qalmaqal üzündən yola salınacaq. Müşahidə Şurasının son iclasında hesabat verən Elxan Abdullayev texniki məğlubiyyətə səbəb olan səhvin səbəbkarları kimi bu 2 nəfərin adını çəkib. Ona görə də Getman və Deriberinlə müqavilə müddəti uzadılmayacaq.
 
Maraqlıdı ki, Elxan bəy hələ də getmək istəmir. Yanvarda ayrılan böyük büdcəni havaya sovuran, əvəzində komandanı 7-ci pillədən qurtara bilməyən Abdullayev yeni müqaviləyə ümid edir. Görünür, AFFA-dakı "dayday"ları ona dəstək verir ki, müqaviləsi bitməsinə baxmayaraq, o, mətbuat konfransında "mənə dözməlisiz" deyir.
 
Ümumiyyətlə, Abdullayev özündən başqa hamını günahkar bilir. Azarkeşlərin "istefa" şüarlarına görə fanatlarla iş üzrə koordinator Kənan Hənifəyevi qovduran çalışdırıcı indi də özünün gətirdiyi Deriberinlə Getmanı ayağa verdi. Güman ki, növbəti həmlələrdə klub rəhbərliyi, Müşahidə Şurasının üzvləri də hədəf göstəriləcək.
 
Təbii ki, baş məşqçinin bu kaprizlərinə dözdüyü üçün ən böyük günahkar elə klub rəhbərliydi. "Neftçi"nin daha təcrübəli baş məşqçiyə ehtiyac duyduğunu, Abdullayevlə uğursuzluğun davamının qaçılmaz olduğunu bilə-bilə ona qapını göstərən tapılmır. Elə bu səbəbdəndi ki, Elxan bəy özünü qorumaq naminə hamını qurban verməkdən çəkinmir.
 
FƏRİD
Shares: