"İnter"in xilası üçün çalışan AFFA-nı buna sövq edən əsas səbəb klubun stadionudu. "İnter Arena"nı itirmək istəməyən qurum məhz bu səbəbdən paytaxt klubuna dəstəyini davam etdirmək qərarı verib.
 
Futbolinfo.az xəbər verir ki, sözügedən idman qurğusu hazırda Beynəlxalq Bankda girovdadı. Klubun və bankın eyni olan sabiq rəhbərliyi vaxtilə böyük məbləğdə kreditin qarşılığında "İnter Arena"nı girov qoyub. Beynəlxalq Bank klubu təhvil verdikdən sonra isə həmin borc açıq qalıb. 33 milyon manat olduğu deyilən borc bağlanmasa, stadion bankın əmlakına çevriləcək.
 
Hazırda bank keçmiş rəhbəri Cahangir Hacıyevin günahı üzündən maliyyə oyunlarının qurbanı olan "İnter Arena"nı kiməsə güzəştə getmək istəmir. Bu qurumun özünün də ciddi problemləri var və birdən-birə milyonları kiməsə bağışlamaq mümkün deyil. Ona görə də bank rəhbərliyi idman qurğusunu klubun yeni himayəçilərinə yalnız borc öhdəliklərini qarşılayacaqları təqdirdə vermək niyyətindədi.
 
AFFA da şəhərin mərkəzində yerləşən "İnter Arena"nı itirmək istəmir və dövlət tərəfindən borcların bağışlanacağına ümid edirdi. Lakin bu, olmadı və SOCAR idman qurğusunu pulu ödəyərək geri almağa məcburdu. Əldə etdiyimiz bilgiyə görə, hazırda danışıqlar gedir və AFFA himayədarının sayəsində kredit məbləğini hissə-hissə ödəməyə razılaşıb. Belədə "İnter Arena" SOCAR-ın balansına keçəcək.
 
Maraqlıdı ki, bir neçə il öncə AFFA bu arenanı çox ucuz məbləğə – 4 milyon manata satmışdı. O zaman "Şəfa" adlanan və UEFA-nın yardımı sayəsində tikilən bazanın əldən çıxarılması tənqidlərə səbəb olmuşdu. Və budur, 2011-ci ilin noyabrında "İnter"ə satılan qurğu indi 8 qat bahasına geri alınır.
 
AFFA-nın baş katibi Elxan Məmmədovun uğurlu marketinq siyasəti bu olsa gərək…
 
AĞA
Shares: