Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünün son turunda “Neftçi” evdə ”Qarabağ”a 1:2 hesabı ilə uduzdu. Oyundan sonra paytaxt klubunun müdafiəçisi Pavel Dreksa jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az həmin müsahibəni təqdim edir:
– Yenə məğlub oldunuz…
– “Qarabağ” çox yaxşı oynadı. Məğlubiyətin səbəbi o idi ki, rəqib bizdən üstün idi. Bu qədər söyləyə bilərəm.
– Ruslan Abışovun avtoqolu barədə nə söyləyə bilərsiz?
– Futbolda səhvlər olub və olacaq da. Bu da həmin səhvlərdən biri idi. Amma oyunun taleyini həll edən qol deyildi. Məğlubiyyəti sırf avtoqolla əlaqələndirmirəm.
– 90 dəqiqə ərzində darıxmadınız?
– Biz hamımız peşəkarıq, işimizi görürük. Amma yaxşı oynamadıq. Final fitinin səslənməsini gözləmirdik, nəticənin heç nəyi dəyişməyəcəyi məlum olsa da, konsentrasiyamızı pozmamağa çalışırdıq.
– Komandanın azarkeşləri, fan-klubları bu matçı boykot etmişdi…
– Tribunların boş olduğuna fikir verdim. Azarkeşlərin az olması yaxşı hal deyil. Bu haqda nəsə deyə bilmərəm. Ola bilsin ki, onlar haqlıdılar. Çünki son oyunlarımızda yaxşı nəticə qazanmırıq.
– Özünüz analiz aparırsız?
– Qışdan sonra ilk 5 oyunda yaxşı oynadıq. Bizim üçün qırılma anı “Qarabağ”a ölkə kubokunda uduzmağımız oldu. Həmin məğlubiyyətdən sonra işlərimiz qaydasında getmədi.
– “Neftçi”də gələcəyiniz necə olacaq?
– “Neftçi”də hər şey xoşuma gəlir, hər şey məni qane edir. Sadəcə, bundan çox xal toplaya bilərdik. Mənfi cəhət budur ki, çətinlik çəkdik.
– Növbəti mövsüm “Neftçi” iddialı olacaq?
– Fikrimcə, növbəti mövsüm yaxşı yerlər uğrunda mübarizə apara bilərik. Legioner və yerli futbolçuların çoxu qış fasiləsindən sonra qoşuldu. Bir-birimizi tanımırdıq. İlk dəfə idi ki, bir-birimizi görürdük. Futbolçu komandaya cümə günü gəlib, şənbə günü qollar vura bilməz və ya müdafiədə yaxşı oyun sərgiləyə bilməz. Futbolda vaxt lazımdı. Düzdü, daha çox xal toplaya bilərdik. Vaxta ehtiyac var.
– Elxan Abdullayevin rəhbərliyi altında çalışmaq istəyirsiz?
– Təbii ki… Sualınızı tam başa düşmədim. Nəyi nəzərdə tutursuz? Mən klub rəhbəri deyiləm. Qərarı rəhbərlik verir. Kimin rəhbərliyi altında oynayırsansa, ona hörmət etməlisən. Mənə Elxan Abdullayevlə işləmək rahatdı.
– Növbəti mövsüm Premyer Liqada 10 komandanın iştirakı gözlənilir. Bu, “Neftçi”nin işini asanlaşdıracaq, yoxsa çətinləşdirəcək?
– 10 komandanın olması yaxşı haldı. Çünki 8 klub çox azdı. Yanvardan sonra cəmi 14 oyun keçirdik.
– Avrokuboklarda Azərbaycan klublarına azarkeşlik edəcəksiz?
– Çex klublarına qarşı oynamasalar, dəstəkləyəcəm.
ELMAR ABDULLA-ZADƏ