"Hazırda inanılmaz formadayıq. Düşünürəm ki, çox yaxşı oyun sərgiləyirik". Futbolinfo.az xəbər verir ki,bu sözləri Azərbaycan millisinin futbolçusu Dimitri Nazarov deyib.
Futbolçumuzun formasını geyindiyi "Ersgebirge" Almaniya ikinci Bundesliqasının 31-ci turunda öz meydanında "Vuersburger Kikkers"lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Bənövşəyilər"in ikinci qoluna matçın 10-cu dəqiqəsində yarımmüdafiəçimiz imza atıb.
Matçdan sonra Almaniya mətbuatına açıqlama verən oyunçu komandasının hazırkı durumundan söz açıb:
"Xüsusən də öz azarkeşlərimiz qarşısında yaxşı oynayırıq. Onların bizə olan sevgisi və dəstəyi sonsuzdu. Dünənki qarşılaşmada stadionun yarısı dolmuşdu. Amma mən elə bilirdim ki, 40 min azarkeş qarşısında oynayırıq".
Millimizin üzvü bildirib ki, mövsümün əvvəli ilə müqayisədə indi daha yaxşı oyun sərgiləyirlər:
"Mövsümün əvvəlində və ortalarında ciddi uğursuzluğa düçar olduq. Bizdən heç kim belə geridönüş gözləmirdi. Həqiqətən də ilk dövrədə çətinlik çəkirdik. Lakin sonradan öz oyunumuzu tapmağa və yaxşı oynamağa başladıq".
Qeyd edək ki, Nazarov bu mövsüm "Ersgebirge"nin heyətində 25 oyun keçirib və 9 qol vurmağı bacarıb.