Türkiyə mətbuatı millimizin baş məşqçisi Robert Prosineçki haqqında iddialarından əl çəkmir. Futbolinfo.az xəbər verir ki, bir neçə gün əvvəl xorvat çalışdırıcının “Konyaspor” və “Bursaspor”la danışıqlar apardığını yayan qardaş ölkə mediası bu dəfə həmin iddiaları təkzib edərək başqa məsələ ilə gündəm yaradıb.
Belə ki, Prosineçkinin meneceri Yaşar Çalışırdan açıqlama alan “ajansspor” saytı maraqlı məlumatlar yayımlayıb: “Prosineçki mövzusunda nə “Konyaspor”, nə də “Bursaspor”la danışmışıq. Daha əvvəl, yanvarda bursalılarla danışmışdıq, ancaq Azərbaycan Futbol Federasiyası buraxmadı. “Konyaspor” adından isə keçmiş idarəçilərdən biri zəng edibmiş, lakin nə mən, nə də Robert özü bir danışıq aparmışıq”.
Menecer İspaniyada bir klubla görüşdüyünü də əlavə edib: “Xaricdən bir komanda ilə, İspaniyanın önəmli bir klubu ilə görüşdük. Ancaq bu ana qədər anlaşdığımız bir komanda yoxdu”.
Yaşar Çalışır uzun müddət müzakirə olunmuş müqavilədəki 2 milyon dollarlıq təzminat məsələsini də şərh edib: “Robert hazırda Azərbaycan millisindəki işinə konsentrasiya olub. Bir həqiqəti də mütləq bildirməliyəm ki, söylənilən 2 milyonluq təzminat məsələsi həqiqətə uyğun deyil. Qarşılıqlı xoş münasibətlər var və iki tərəfin anlaşması ilə Azərbaycandan ayrılmaq mümkündü. Hansı komanda istəsə, danışıq apara bilərik”. Apasport