AFFA Lisenziya Komitəsi yeni mövsümdə Topaz Premyer Liqasında 8 kubun iştirak edəcəyi ilə bağlı qərar verdi. Maraqlıdı ki, Birinci Diviziondan yalnız “Səbail” üçün elitanın qapıları açıldı, çempion “Turan Tovuz”, eləcə də digər iddialılar kənarda qaldı.

Futbolinfo.az xəbər verir ki, xüsusilə “Şəmkir”in Premyer Liqaya buraxılmaması gözlənilməz oldu. Düzdü, komanda son mövsümü 6-cı pillədə başa vurduğundan, qərblilərin idman meyarlarına görə elitaya gəlməsi mümkünsüz idi. Lakin Azərbaycanda artıq 3 ildir çempionlar kənarda qalır, daha sonrakı pillələrdə olanlar Premyer Liqaya yüksəlir. Bu səbəbdən lisenziya tələbləri yerinə yetirildiyi təqdirdə, istənilən komandanın elitada görünməsi mümkün idi.

“Şəmkir”in Premyer Liqaya gəlməməsi həm də ona görə gözlənilməz oldu ki, klub əsas çatışmazlığı olan stadion məsələsini də yoluna qoymaq üçün işə girişmişdi və təmirə başlamışdı. Amma Lisenziya Komitəsinin məlum qərarından aydın oldu ki, bütün bunlar kifayət etmir.

Bəs, “Şəmkir” apellyasiya şikayəti verəcəkmi – bu suala klub prezidenti Elvin Səfərlinin cavab verməsini istədik: “Perspektivsiz işə baş qoşmaq istəmirik. Elə vəziyyətdi ki, bu müraciət də heç nəyi dəyişməyəcək. AFFA kimi istəyirsə, onu da elitaya buraxır”.

Elvin bəy stadionda təmir işlərinin davam etdiriləcəyinə əmin deyil: “Hələ heç nə bilmirik. 300 min avro ayırıb, stadionumuzu təmir etdirmək istəyirdik, işə də başlamşdıq, lakin indi nə edəcəyimizi bilmirik. Ruhdan düşmüşük”.

“Şəmkir”də əsas problem maliyyə məsələsi olub. Lakin Səfərlinin dediyinə görə, bunun da səbəbi var: “Premyer Liqaya buraxılmamağımızın əsas səbəbi müstəqil olmağımızdı. AFFA-dan 1 il ərzində heç bir yardım almamışıq. Bizdə olan problemlər bütün klublarda var. Bəli, mart və aprel aylarının maaşlarını hələ ödəməmişik, amma eyni problem bütün klublarda var. Guya “Səbail”in belə problemi yoxdu? Bəs, nə əcəb onlara lisenziya verildi? AFFA-nın maliyyələşdirdiyi “Turan Tovuz”da da belə ləngimə var. Nəyə görə eyni problemi olan 1 ilin komandası “Səbail” elitaya vəsiqə qazanır, bəlli tarixi olan “Şəmkir” yox? Bizdən 1,5 milyon manatlıq təminat məktubu istəyirlər. Həmin sənədi verə bilərik, lakin AFFA-ya arxayın deyilik. Bunun üçün hesabdan 120 min manat çıxarmalıyıq, AFFA sabah bizə lisenziya verməsəydi, həmin zərəri kim qarşılayacaqdı? Assosiasiya elitaya gəlməyimizə icazə versəydi, bütün tələbləri qarşılayacaqdıq. Şəmkirin rayon rəhbərliyi də bizə hər cür dəstək verəcəkdi. Nə etmək olar ki, AFFA-ya müstəqil klublar lazım deyil”…

Elvin bəyin xoşuna gəlməyən əsas məqam AFFA rəhbərliyinin onlara biganə münasibətidi: “Hələ yanvarda 4 meyar üzrə bütün tələbləri yerinə yetirmişik, sənədləri də göndərmişik. “Şəmkir”i elitada görmək istəyirdilərsə, çatışmazlıq haqda bizə məlumat verərdilər, biz də yoluna qoyardıq. Hər dəfə hər şeyin qaydasında olduğunu deyirdilər, sonda isə bizi belə vəziyyətə saldılar. Təminat məktubu da problem deyildi, sadəcə, belə biganəlikdən sonra işləməyə həvəs qalmır. Kiçik dəstək belə görmədik. Bölgələrdə futbolun inkişafını istəsəydilər, bizə yardımçı olardılar. Lakin müstəqil olmağımız görünür, kiminsə işinə yaramadı. “Səbail”də də bizdə olan problemlər var, amma onların qüsurlarına göz yumuldu”.

“Şəmkir” yenə divizionda mübarizə aparacaq: “Yəqin ki, klubu dağılmağa qoymayacağıq, doğma komandanı ortada buraxmarıq. Amma əvvəlki həvəslə işləməyəcəyik. Mübarizə aparmaq üçün məqsəd olmalıdı. Azərbaycanda neçə illərdi çempion komanda elitaya çıxa bilmirsə, divizion həvəskarların yarış meydanına çevrilibsə, hansı mübarizədən danışırıq? Sonluq əvvəldən bəlli olduğuna, müstəqil klubların kənarda qalacağı bilindiyinə görə işləməyə həvəs qalmır”.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp