“Şəmkir” Premyer Liqaya buraxılmamasına görə narazıdı. Klubun prezidenti Elvin Səfərli “Futbolinfo”ya açıqlamasında AFFA-nın ögey münasibəti ilə üzləşdiklərini bildirib.

Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq. Ondan Səfərlinin açıqladığı bir rəqəmə aydınlıq gətirməsini də istədik. “Şəmkir”in prezidenti assosiasiyanın onlardan 1,5 milyon manatlıq təminat məktubu istədiyini açıqlayıb: “Onun bu rəqəmi haradan götürdüyünü bilmirəm. Amma Premyer Liqa klubları üçün bu tələb 300 min manatdı. Bütün klublara lisenziya almamasının səbəbləri izah edilib. Hər birinə məktub göndərilib və hansı tələbləri yerinə yetirmədikləri açıqlanıb. “Şəmkir”də də yeganə problem təminat məktubu ilə bağlı deyildi”.

Elçin bəyin dediyinə görə, ümumiyyətlə, əksər klublarda əsas problem maliyyə ilə bağlıdı: “Klub Premyer Liqaya gəlirsə, müəyyən qədər vəsaiti olmalıdı. Elitaya yüksəlib, yarıyolda dayanması perspektivi olduğundan hamı müəyyən tələbləri yerinə yetirməlidi. Eyni problem lisenziya almayan bütün klublarda var”.

Məmmədovun dediyinə görə, hələlik, lisenziya almayan klublardan heç biri apellyasiya şikayəti verməyib: “Lakin bunun üçün zaman var. Biz bütün şikayətlərə baxmağa hazırıq”.

Maraqlıdı ki, AFFA Lisenziya Qrupunun məlum qərarında ümumiyyətlə, “Şəmkir”in adı yox idi. Belə anlaşılırdı ki, klub heç Premyer Liqada oynamaq üçün müraciət etməyib: “Yox, “Şəmkir” müraciət etmişdi və qərarda da bu klubun adı lisenziya ala bilməyənlərin siyahısındadı. Sadəcə, qərar AFFA-nın rəsmi saytına yerləşdirilərkən texniki səhvə yol verilmişdi, 10 dəqiqə sonra səhv düzəldildi”.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp