IV İslam Oyunlarında iştirak edən milli komandamız dünən qrupda son matçını keçirdi. Mərakeşlə 0:0 bitən matçdan sonra millilərimizin yarımfinalda oynayacağı dəqiqləşdi.

Yığmamızın qrupu top buraxmadan bitirməsi sevindiricidi. 5 xal millilərimizin medal qazanmaq perspektivini də artırdı. Qalan 2 oyunda qazanılacaq 1 qələbə minimum bürünc medal demək olacaq. Və bu, ən zəif idmançılarımızın belə medal qazandığı zəif rəqabətli yarışda uğur sayıla bilər.

Qrupun son oyunu da göstərdi ki, AFFA İslamiadada medal qazanmağı prioritet hədəf götürüb və indiki rəhbərlik ən böyük uğuruna məhz bu yarışda imza atmaq istəyir. Lakin Mərakeşlə matç bəzi şübhələrə də yol açdı. Axı, millimiz İslam dünyasına dəxli olmayan gürcü hakimlərin sayəsində rəqibə yenilmədi. Və hakim yardımı o qədər bariz idi ki, hətta millimizin kapitanı Ruslan Abışov da oyun bitincə bunu etiraf etdi.

Bəs, hakimlik haqda sabiq FİFA referisi Tahir Süleymanovun düşüncələri necədi? Müraciət etdiyimiz Tahir bəy əvvəlcə uğura sevindiyini bildirdi: “İlk növbədə millimizi təbrik edirəm. Mənim üçün ikiqat sevindiricidir. Heyətdə olan və 8-10 yaşından "Sabahın Ulduzları" yarışında gözümüzün qabağında yetişən Elşən Abdullayev, Məqsəd İsayev, Mahir Mədətov, Coşqun Diniyev və digər  futbolçular millinin özəyini təşkil edir. Qrupumuzda Kamerun və Mərakeş Afrikanın aparıcı futbol ölkələrindən idi. Tarixən bu ölkələrdə istedadlı futbolçular yetişir. Süni örtük və küləkli hava bütün millilərə tam bacarığını ortaya qoymağa imkan vermədi. Millimiz evdə oynasa da, bir qədər ehtiyatlı oynayır, oyunu müdafiədən qururdu. Əsasən sürətli əks-hücumlara güvənirdik. “Doğma divarlar” arasında daha aqressiv çıxış etmək lazımdır. Hələ ki, bu taktika çətinliklə də olsa, özünü nəticə baxımından doğruldur”.

Süleymanov hakimliklə bağlı sualımıza başqasının dili ilə cavab verməyi lazım bildi: “Son oyunda hakimliklə bağlı  narazılıq yarandı. Ən doğru cavabı millimizin təcrübəli müdafəçisi Ruslan Abışov verib. Ümumiyyətlə, qrupun digər oyunlarında da nəticəyə təsir edən kobud hakim səhvləri oldu. Xırda səhvləri nəzərə almasaq, Mərakeşlə oyunda ən yaddaqalan epizod qapıçımızın rəqibə qarşı kobudluğu oldu. Hakim epizodu düzgün dəyərləndirmədi. Ümumilikdə isə futbolçularımız yaradılan qol epizodlarını dəyərləndirməyi bacarmalıdı. Coşqun Diniyevin yüzfaizli qol epizodunu vurmaması baha başa gələ bilərdi. Qarşıdakı görüşə daha ciddi hazırlaşmaq və rəqibi qapsına sıxmaq lazımdır. Əlcəzair qonaq qismində olduğunu meydanda hiss etməlidir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp