Bakıda təşkil olunmuş İslam Həmrəyliyi Oyunlarında futbol yarışının qrup mərhələsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, son turda 23 yaşlılardan ibarət komandamız mərakeşli həmyaşıdları ilə qarşılaşdı. Qolsuz bərabərliklə yekunlaşan matçdan sonar yığmamızın oyunçusu Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

– Həqiqətən də çox ağır oyun oldu. İslamiyadada ən çətin matçımıza çıxdıq. Rəqib çox aqressiv komanda idi. Sevinirəm ki, növbəti mərhələyə vəsiqə qazandıq. 

– Zədən nə yerdədi?
– Düzü, bir az ağrılar var idi. 1 həftə, 10 gün istirahət lazım idi ki, zədəm tam sağalsın. Premyer Liqada 3-4 gündən bir oyuna çıxırdım deyə, dincəlməyə vaxt olmurdu, iynəylə oynayırdım. Premyer Liqa da qurtaran kimi milliyə qoşuldum. Tam sağalmağa vaxtım olmadı. İynə ilə də olsa, növbəti matça çıxmağa çalışacam. 

– Oyunu yarıda tərk etməyin matçın gedişinə nə dərəcədə təsir etdi?
– Yerimə daxil olan Adil də çox yaxşı oynadı. Komandamız kompakt oyun sərgilədi. Qol şanslarımız da oldu, qələbə də qazana bilərdik. 

– Hakimliklə bağlı nə deyə bilərsən?
– Bəli, hakimin bir az simpatiyasi oldu. Bu da hər ölkədə belədi.

– Səncə, bir az “ağ” etmədi?
– Ona qalsa, Kamerunla görüşdə bizim penaltimizi verməmişdilər. Versəydilər qalib gəlib, 6 xalla indi daha rahat meydana çıxacaqdıq.

– Yarımfinalda Əlcəzairlə qarşılaşacaqsız…
– Çalışacağıq ki, qələbə qazanıb finala çıxaq. Çempion olmağı çox istəyirik. Futbolçular, məşqçilər heyəti – hamı ilə daimi ünsiyyətdəyəm, bunu necə istədiklərini görürəm. 

– Çıxış etdiyin “Qəbələ” Avropa Liqasına 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Səncə, bu amil sizin xeyrinizədi?
– Xeyrimizə də ola bilər, ziyanımıza da. Ona görə xeyrimizə ola bilər ki, daha çox istirahət etməyə vaxtımız olacaq. Ziyanımıza ola bilər ki, ilk mərhələdə rəqib zəif olur, qalib gəlib əlavə motivasiya qazanardıq, həm də futbolçular bir-birinə daha çox uyğunlaşardı.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp