Topaz Premyer Liqasında yeni mövsüm də 8 komandanın iştirakı ilə baş tutacaq. AFFA Lisenziya Komitəsi qərarını verdi və ciddi dəyişiklik gözlənilmir. Narazıların real addım atmaq şansı olmadığından say dəyişikliyinə ümid etmək yersizdi. Ona görə də hətta apellyasiya şikayəti verilməsi də inandırıcı deyil.

Təbii ki, əsas problem maliyyə ilə bağlıdı. Çempion “Turan Tovuz”un da, “Zaqatala” və “Şəmkir” kimi digər əyalət klublarının da kənarda qalması birbaşa maddi çətinliklər üzündən reallaşdı.

Topaz Premyer Liqasında mübarizə aparmaq üçün illik 6-8 yüz min manat yetərlidi. 1-1,5 milyon manatla “Kəpəz” kimi döyüşkən komanda da yaratmaq olar, 300 minlə AZAL kimi mövsümü yola verən də. Lakin fakt budur ki, səviyyəli çempionat üçün güclü komandalar lazımdı və büdcəsi 5-10 milyon manat aralığında dəyişən “Qarabağ”la “Qəbələ”yə layiqli rəqib olmaq üçün AZAL səviyyəli kollektivlər yetərsizdi. Düzdü, “Neftçi” kimi 8 milyonla 8 komanda arasında 7-ci olmaq perspektivi də var. Amma biz normal işdən danışırıqsa, paytaxt klubunu unutmalıyıq.

Premyer Liqa üçün bəlli standartlar və tələblər var. AFFA Lisenziyalaşdırma Qrupu müəyyən kriteriyalar hazırlayıb, İcraiyyə Komitəsində təsdiq edilib və hamı bu qanunların əsiridi. Lakin 3 ildi divizionda çempion olan komanda elitaya yüksələ bilmirsə, deməli, yolunda getməyən nələrsə var. “Neftçala”nın, “Turan Tovuz”un aqibəti bu məsələyə yenidən diqqət yetirməyin vacibliyini diqtə edir.

Lisenziya şərtlərini, onun vacib müddəalarını bir-bir incələmək olar, lakin reallıqdı ki, hər şey gəlib maliyyəyə dayanacaq. Ona görə də xırdalığa varmadan pul məsələsini saf-çürük etmək, klubların xərclərini maksimum şəkildə azaltmaq lazımdı. O zaman klublar hətta yarım milyon manatla da yaşaya, mübarizə apara bilərlər. Prioritet kimi əsas komandaların saxlanılması seçilsə, xərclər əsasən bu istiqamətə yönəldilsə, 14-16 komandalı yarış da keçirmək mümkündü.

Pis-yaxşı bütün klubların infrastrukturu var, hətta olmayanlar da bir dəfə 300-400 min manat xərcləməklə bütün problemlərini həll edə bilərlər. Tovuzda, Zaqatalada, Şəmkirdə, Ağsuda bu qədər vəsait hesabına Premyer Liqa oyunlarını qəbul edəcək arenaları ərsəyə gətirmək olar.

Bəs, klubların xərclərini necə azaltmaq olar? Çox məqama diqqət yetirmək mümkündü, amma biz yalnız birindən bəhs edəcəyik və özünüz də şahid olacaqsız ki, klublar üçün artıq yükə çevrilən yarım milyonluq xərcdən qurtulmaqla normal iş görmək mümkündü.

(davamı olacaq)

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp