Avropa Liqasının I təsnifat mərhələsindən azad olunan “Qəbələ” belə üstünlük qazanan ilk Azərbaycan klubu deyil. Futbolinfo.az xəbər verir ki, indiyədək 4 komandamız qitənin ikinci dərəcəli klub turnirinə II təsnifat mərhələsindən start verib.

“Qəbələ”nin ilk raunddan azad olunması rəsmiləşsə, əyalət təmsilçisi bu siyahıya 5-ci Azərbaycan təmsilçisi kimi düşəcək.
 
İlk üç belə hadisə 2009-2011-ci illərdə yaşanıb. İntertoto kubokunun ləğvindən sonra avrokubokların formatında islahatlar aparan UEFA bütün ölkələrə güzəşt tətbiq etmişdi. Həmin vaxt kubok qazanan klublarımız II təsnifat mərhələsindən mübarizəyə başlamışdı.
 
2009/10 mövsümündə “Rusenborq”la (Norveç) görüşən “Qarabağ” mərhələni keçməyi də bacarmışdı – 0:0, 1:0. Bir il sonra isə “Bakı” “Buduçnost”la (Monteneqro) dueldə texniki səhv biabırçılığı yaşadı – -:+, 2:1. 2010/11 mövsümündə isə “Makkabi” (Təl-Əviv, İsrail) ilə görüşən “Xəzər Lənkəran” uğursuzluğa düçar oldu – 0:2, 0:8.
 
2012-ci ildən kubok qaliblərinə güzəşti ləğv edən UEFA yalnız reytinqi yüksək olan ölkələrə belə yer verdi. 2014/15 mövsümündə “Neftçi” ölkəmizin mövqeyinə görə ilk raunddan azad olundu. Bakılılar “Koper”i (Sloveniya) səfər qələbəsi ilə mübarizədən kənarlaşdırdı – 1:2, 2:0.
 
Qeyd edək ki, təmsilçilərimizin Çempionlar Liqasının I təsnifat mərhələsindən azad olması adi hala çevrilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp