AFFA-nın klublardan vacib bir tələbi var. Bir bəndə sığışdırılmış bu tələb ilk baxışdan məqsədyönlü işə hesablanmış, inkişafa yönəlik tələb kimi görünür. Əslində isə milyonlar dağıdılır, nəticənin isə olmayacağını bəri başdan görmək mümkündü. Çünki Marsa qatarla getmək mümkün deyil.
 
AFFA klublardan tələb edir ki, əsas komandadan əlavə, daha 9 kollektiv saxlasın. Yəni ki, hər bir lisenziya iddiaçısı U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17, U-19 liqasında iştirak edən kollektivlərə, üstəlik, əvəzedici komandaya malik olmalıdı. Yalnız bu halda Topaz Premyer Liqasında iştirak mümkündü.
 
İndi gəlin, bu komandaların xərclərini hesablayaq. U-15, U-16, U-17, U-19 liqalarının hər birində mövsüm ərzində ortahesabla 12 klub iştirak edib. Bu, 11 səfər oyunu deməkdi. Hər səfərə orta hesabla 300 manat yolxərci, bir o qədər qidalanma pulu hesablayaq. 600 manatı 11 oyuna vuranda təqribən 7000 manat xərc tələb olunur. Bu xərcləri 4 liqa üçün hesablayanda görərik ki, 28 min manat təkcə mövsüm ərzindəki səfər xərcləri edir. Ev oyunlarını da üzərinə gəlsək, təkcə oyunlar üçün 30-35 min manat tələb olunur.
 
Digər liqalarda oyunlar regionlar üzrə keçirildiyindən və müəyyən xərcləri AFFA qarşıladığından ümumi məbləğ 50 min manatı keçmir. Lakin əvəzedicilərdə xərclər bir az artıqdı – hər səfərə təqribən 1000 manat sərf olunur, komandalar ümumilikdə 30 min vəsaiti gözdən çıxarır. Amma onu da nəzərə alaq ki, “Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi komandalarda bu xərclər 200-300 min manatdan az deyil.
 
Beləliklə,yalnız oyunlar üçün 80 min manat sərf olundu. Amma futbol yalnız matçdan ibarət deyil. Komandalar oyuna çıxmaq üçün azı gündəlik 1 məşq etməlidi. Hər oyunqabağı 5 gün məşqdən hesablasaq, komandalar ildə azı 100 məşqə çıxmalıdı. 10 komanda beləcə 1000 dəfə məşq etməlidi və hər dəfə icarə haqqı ödəməlidi (öz stadionu olanlar da qazonun saxlanılması üçün eyni xərcə düşür – red.). Hətta həvəskar səviyyədə hesablasaq, bir məşq üçün minimum 50 manat ödəmək lazım gəlir. 80 + 50 = 130.
 
Ancaq bu, hələ minimal qiymətlərlə hesablamalardı. “Dalğa Arena”da və İdman Akademiyasının meydanında “Kəpəz”in əsas komandası bir məşqə 1000 manat ödəyir, “Bayıl Arena”da divizion komandalarının məşqi bunun yarısına başa gəlir, “Bakılı” da “İnter Arena”nın 4-cü meydançası üçün 300 manat ödəyir. Deməli, uşaq komandaları üçün 50 manat hesablamağımız insafsızlıq deyil, əksinə, çox az hesablamışıq.
 
Xərclər bununla bitmir. İnventarlara, geyimlərə də təqribən 20 min manat ödəniş edilir. Beləcə 200 min manatı “xərclədik”. Məşqçi, futbolçu, texniki və inzibati heyət üçün hər komandaya aylıq 5 min manat hesablayaq. Düzdü, aşağı yaşlarda ümumiyyətlə, maaş almayanlar var, ancaq “Qarabağ”ın əvəzedici heyətində təkbaşına bu qədər qazanan Vüqar Nadirovu da unutmayaq. Ona görə də biz orta rəqəm kimi bu rəqəmi götürmüşük. Və bu məbləğ illik 50 min manata bərabər olur. 10 komandanı götürsək, təqribən yarım milyondan danışmalıyıq. Yenə də ixtisarlar aparıb, Azərbaycan reallıqlarını nəzərə alsaq, heç olmasa, 300 minlik əməkhaqqı büdcəsindən danışmalıyıq. Belədə yuxarıda qeyd etdiyimiz xərcləri də bura əlavə edərək, klubların uşaq komandalarına görə 500 min manat xərcə düşdüyünü qeyd etməliyik.
 
Təsəvvür edirsizmi, klubların uşaq komandalarına sərf etdiyi vəsaitin yarısına “Turan Tovuz” divizionda çempion oldu. Deməli, bu pula aşağı dəstədə 2 komanda saxlamaq olar. İndi özünüz fikirləşin: 250-300 manatla divizionda oynayan “Turan Tovuz”, “Zaqatala” və ya “Şəmkir” elitaya gələn kimi rəqiblərlə ayaqlaşmaq üçün büdcəsini ən azı 2 dəfə artırmalıdı. Bu azmış kimi, yarım milyon manat da uşaq futbolunun problemlərini həll etmək üçün gərəkdi.
 
İndi isə həqiqəti açıqlayaq. Əslində, bütün bunlar lisenziya saxtakarlığıdı və yalnız Azərbaycan kimi 1-2 ölkədə keçərlidi. Bu tələblər çempionatı idarə etmək, futbol biznesinə kənar adamları, futbolu sevən biznesmenləri buraxmamaq üçündü. AFFA-nın baş katibi Elxan Məmmədov assosiasiyanın digər rəhbərlərini də, dövlət başbilənlərini də aldadaraq oyun oynayır. Bununla o, yalnız özündən asılı klubların yarışlara buraxılmasını təmin edir, bölgələrdə futbolun inkişafına tüpürür, sahibkarların maraqlarına əhəmiyyət vermir. Ona fəaliyyətindən pul qazandığı “Sumqayıt”, “Neftçi”, “Səbail”, “İnter”, “Kəpəz” kimi klublar lazımdı.
 
Baş katibin imkanı olsa, himayədarından ehtiyat etməsə, “Zirə”ni də AZAL-ın, “Bakı”nın, “Xəzər Lənkəran”ın arxasınca yola salar,  avrokuboklarda uğurları olmasa, “Qarabağ”la “Qəbələ”ni də sıradan çıxarardı. Necə ki, “Qəbələ”nin prezidenti Tale Heydərov ölkə kubokunun finalından sonra belə əngəllərdən bezdiyinin ilk siqnallarını müsahibəsində verdi.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp