Pafosla danışmağı sevənlər, boğazdan yuxarı vətənpərvərlər klubları uşaq futbolunun inkişafına məcbur etdiyi üçün AFFA-nı dəstəkləyə bilər. Lakin diqqətlə incələsək, görərik ki, zorla gözəllik olmaz. Belə tələblər yalnız gözdən pərdə asmaq üçündü, reallıqda heç bir nəticəsi yoxdu.
 
Aşağı yaş qruplarında, əvəzedicilərdə heç bir istedad yetişmir, hamı lisenziya tələbi naminə komanda saxlayır, say düzəldir. Yetişən uşaqlar daimi məktəbi olan “Neftçi”dən, “Qarabağ”dan çıxır, son vaxtlar Qəbələ akademiyası əkdiyi ağacların meyvələrini dərir, bir də Tovuz “futbolçu fabriki” olmağa davam edir. AZAL-ın, “Sumqayıt”ın və ya lisenziya tələbi üzündən komanda saxlayan digər bir komandanın hansısa istedadının adını çəkə bilərikmi?
 
Təbii ki, uşaq komandaları üçün minimal hesablamalarla müəyyənləşdirdiyimiz yarım milyonluq büdcə nisbidi. Məsələn, “Qəbələ” daha çox xərcləyir. Bu komanda yetirmələrinə insan kimi davranır, onları oyundan bir gün öncə səfərə aparır, otellərdə yerləşdirir, qidalanmasına daha çox xərcləyir, normal əməkhaqqı verir. Klubun imkanı var və bunun qarşılığında artıq əksər komandalarda yetirmələrini yerləşdirib, özü də istedadlarından faydalanır.
 
“Qarabağ” da bu mövsüm önəmli işlər görüb və bir çox liqalarda yaxşı nəticə veriblər. “Neftçi” də həmişəki kimi, uşaq komandalarına diqqət ayırır, amma artıq 2 mövsümdü bu klubun üzvləri yeni geyim üzü görmür, Sadıq Sadıqovun vaxtından qalan inventarlarla keçinir.
 
Bəs, digərlərində vəziyyət necədi? Faciəvi! Pul xərcləmək imkanı olmayan AZAL hətta komandalarına məşq imkanı yaratmırdı, futbolçular oyundan-oyuna bir araya gəlirdi. “Zirə”nin 10 komandası üst-üstə həftədə 10 məşq keçmirdi. Çünki hətta Bakıda 10 komandanın eyni gündə məşqə çıxması üçün yetərli sayda meydança yoxdu. “Qarabağ”, “Neftçi”, “Zirə”, AZAL məcburiyyətdən fərqli meydanlarda məşqlər edirdilər, “İnter” ehtiyat meydançasını 4 yerə bölüb standart olmayan məkanda böyük futbol məşqi keçirdi. “Kəpəz”dən isə danışmağa dəyməz. Gəncədə bircə normal meydança yoxdu, əvəzedicilər Yevlaxda hazırlaşır, kənd meydançasında oyuna çıxırsa, uşaq komandaları nə etməlidi?
 
Ölünü özbaşına qoysan, kəfəni cırıb qaçar. Bu səbəbdən tələb, nəzarət yaxşıdı. Lakin inkişafa hesablanması deyilən belə tələblər reallıqla uzlaşmayanda ortaya eybəcərliklər çıxır. Ayağı yorğana görə uzatmaq vacibdi. Tələb qarşılığında “Kəpəz” Gəncənin, “Sumqayıt” eyniadlı şəhərin, “Zirə” və AZAL Bakının müxtəlif futbol məktəbləri, indi də “Səbail” “Vətən” cəmiyyəti ilə müqavilə bağlayıb say doldurdu. Bu, inkişaf olmadı ki, bunun adı “xaltura”dı, gözdən pərdə asmaqdı.
 
Bir neçə il öncə bu tələbləri anlayışla qarşılamaq olardı, çünki maliyyəsi güclü olan klublar var idi. Nəticədə “Xəzər Lənkəran”  indi də oynayan bir çox istedadlar yetişdirdi, “İnter”də səviyyəli futbolçular üzə çıxdı, “Bakı” milli komandalar üçün futbolçular ərsəyə gətirdi. Amma eyni tələbin qoyulduğu “Sumqayıt”, “Simurq”, “Rəvan” ölkə futboluna nə fayda verdi?
 
Dövrlə ayaqlaşmaq vacibdi. Günün tələbi qənət edilməsini, xərcləri azaltmağı diqtə edir. Bu səbəbdən AFFA da müəyyən islahatlara getməlidi. Lisenziya tələbləri mütləq yumşaldılmalıdı ki, imkanı zəif olan bölgə klubları da Premyer Liqa üzü görsün. Necə? Bunu yazının davamında izah etməyə çalışacağıq.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp