"Zirə" bu mövsüm ilk dəfə avrokuboklarda iştirak edəcək. Komanda artıq hazırlıqlara başlayıb və bəzi futbolçularla da müqavilənin müddətini uzadıb. Bu üzdən Ayxan Abbasovla danışıb Avroliqa planları ilə bağlı fikirlərini öyrəndik.
 
– Mayın 24-dən iyunun 10-a qədər Bakıda toplanış keçəcəyik. Ayın 10-dan etibarən isə Türkiyəyə, Bolu şəhərinə yollanacağıq. İyunun 21-nə qədər Türkiyədə olacağıq. Bu müddətdə 3 yoldaşlıq görüşü planlaşdırmışıq. Rəqiblər yaxın zamanlarda bilinəcək. Danışıq apardığımız şirkət bu haqda bizə məlumat verəcək. Ayın 19-u püşkatma olacaq. Rəqibi dəyərləndirib analiz edəcəyik. Özümüzdəki yerli futbolçuları komandada saxlamağa çalışdıq. Hazırda sırf legionerlərlə bağlı işləyirik. Yaxın günlərdə qərarımzı verəcəyik. Düzdü, komanda olaraq ilk dəfədi Avropada çıxış edəcəyik, təcrübəmiz yoxdu. Çünki "Zirə" yeni klubdu. Buna baxmayaraq ilk gündən premyer-liqada yaxşı çıxış etdik. Əlimizdən gələnin maksimumunu ortaya qoymağa çalışacağıq.
 
– Yerli transferlərlə bağlı məsələlər yekunlaşıb?
– Bəli, bir-iki nəfər qalıb, onlarla da məsələni həll edəcəyik. Hamısı öz futbolçularımızdı. Bir neçə nəfər başqa klubdan vardı, amma müqavilələri olduğu üçün transfer alınmadı. Qalanları ilə də bu həftənin sonuna kimi danışıqlarımızı yekunlaşdıracağıq.
 
– Neçə əcnəbi oyunçu transfer etmək fikrindəsiz?
– Bu hazırkı legionerlərimizin hansılarının qalacağından və gedəcəyindən asılıdı. Bəzi mövqelər üçün baxdığımız oyunçular var. Tez qərar vermək istəmirik. Səhv addım baha başa gəlir. Öz legionerlərimizlə danışacağıq, sonra hansı mövqe boş qalsa yeni transfer həyata keçirəcəyik.
 
– Nəzərə alsaq ki, Avroliqanın ilk mərhələsində rəqiblər nisbətən zəif olur. Bu mənada qarşıya hansı məqsəd qoyulub?
– Açığı, bilirik ki, rəqiblərimiz güclü olacaq. Reytinq baxımından o səviyyədə deyilik ki, özümüzdən aşağıdakı rəqiblərlə görüşək. Amma bu o demək deyil ki, təslim olacağıq. Çempionatda necə əzmkar futbol oynayırdıqsa, Avroliqada da eyni şəkildə davam edəcəyik. Amma, əlbəttə, bir mərhələ keçsək sevinərik. Bu həm də futbolçularımız üçün təcrübə olar. Çünki əksəriyyəti gəncdi və belə turnirdə ilk dəfə çıxış edəcəklər. Bu oyunlar vacibdi.
 
– Ölkəmizdə kifayət qədər avrokubok təcrübəsi olan "Qarabağ", "Qəbələ", "Neftçi" və sair kimi klublar var. Yəni təcrübə öyrənmək baxımından məsələn, Qurban Qurbanovdan, Qriqorçukdan məsləhət almısızmı, yaxud belə bir fikriniz varmı?
– Məsləhətləşmək yaxşı şeydi. Amma, inkişaf etmək istəyirənsə, o situasiyaya özün düşməlisən və qərar verməlisən. Futbola hər məşqçinin ayrı baxışları var. Qurbanovun, Qriqorçukun futbol fəlsəfələri ayrıdı. Məşqçi də inkişaf etmək üçün özü qərar verməlidi ki, yol verdiyi səhvlər gələcəkdə təkrarlanmasın. Amma nəsə çətinlik olsa, kifayət qədər təcrübəli məşqçilərimiz var. Hər kəs kömək etməyə hazır olduğunu bildirir. Əlbəttə, kömək lazım olsa, istəyərik. Amma tək deyiləm, yanımda məşqçilər var, məsləhətləşirik. Bu baxımdan problem yoxdu.
 
– "Zirə"dən həm yerli, həm də əcnəbi futbolçular mənasında “transfer bombası" gözləyəkmi?
– İnşallah, baxdığımız futbolçular var. Gözlənilir, ola bilər…
 
– Hansı stadionda oynayacaqsız?
– "Dalğa Arena"nı seçmişik. Düzdü, AZAL-la rəhbərliyimiz arasında razılaşma olub. Necə qərar verilsə, ona uyğun oynayacağıq. Amma bilirik ki, AZAL birinci divizionda çıxış edəcək. Hələ o mövzuda söhbətimiz olmayıb. "Dalğa Arena"da oynayacağıq, elə orda da hazırlaşacağıq.
 
– "Dalğa Arena"nın məsafəsini, əlverişsiz şəraitdə yerləşməsini nəzərə alsaq, azarkeş toplamaq problem olmayacaq?
– Xeyr, stadion bizə yaxındı. Zirənin ətrafındakı kəndlərdən də maraqlananlar var. Yavaş-yavaş komandanın azarkeşləri artır. "Dalğa Arena" da bütün ətraf kəndlərə yaxın olduğundan fikrimcə, problem olmayacaq və maraqla qarşılanacaq. Çalışacağıq tərəfdar toplayaq. Qarşıda planlarımız var. Türkandan, Pirallahıdan fanklub yaratmaq üçün müraciət edənlər var. Onlara bildirdik ki, klub olaraq lazımi dəstəyi göstərəcəyik. Bu təkcə Zirə qəsəbəsinin deyil, Bakı kəndlərinin komandasıdı. Belə böyük, mötəbər turnirlərdə də azarkeş dəstəyi vacibdi. Bu baxımdan klub olaraq üzərimizə düşəni edəcəyik (sport7).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp