AFFA-nın son konfransında bəlli oldu ki, qurumun büdcəsi 30 milyon manatı ötüb. Və eyni büdcə 2017 üçün də təsdiqləndi. İndi isə bəlli olur ki, bu ölkənin divizionda çempion olub, əlavə 200-250 min manat üzündən elitaya çıxa bilməyən “Turan” kimi komandası var. Həm də istedadlar yetişdirmək baxımından ölkənin bir nömrəli bölgəsinin, uşaq liqalarında 20-yə yaxın komandası olan bir şəhərin komandası elitaya yenə telvizordan baxacaq. Milyonçunun dilənçi övladı bu olsa, gərək.
 
İndi sualım AFFA rəhbərliyinə, bu qurumun de-fakto idarəçisi baş katib Elxan Məmmədovadı: Ölkədə futbolun inkişafından danışarkən bunumu nəzərdə tuturduz? Axı, siz ölkədə futbolun inkişafına cavabdehsiz, Bakıda yox. Yenə öz şuranızı yaradın, yenə komandalara pulu özünüz buraxıb, özünüz xərcləyiniz. Amma bunu Bakıda qondarma “Səbail”lə yox, ənənəsi olan futbol şəhərlərində edin.
 
Təbii ki, uşaq futboluna qayğını unutmaq olmaz. Yalnız Premyer Liqada komanda saxlamaqla, çempionat təşkil etməklə iş bitmir, sabahı da düşünmək lazımdı. Lakin bunu da peşəkarlar etməlidi. AFFA başbilənləri mütləq şəkildə öz bildiyini yeritmək istəyir, halbuki klubları yalançı kütləvilik oyununda “yükləyib”, məhv etməkdənsə, daha münasib variantlar var.
 
Əvvəla, əvəzedici heyətlər arasında çempionat ləğv edilməlidi. Sovet dönəmindən qalan bu ənənə faydasızdı və klubların işinə heç bir müsbət effekti yoxdu. Mövsüm ərzində 1-2 oyunçu göstərə bilərik ki, formasını bu komandada bərpa edib, əsas komandaya qayıtdı. “Sumqayıt”, AZAL, “Kəpəz” start heyətini müəyyənləşdirməyə futbolçu tapa bilmirsə, ikinci komanda onun nəyinə lazımdı? Bu, əlavə, yersiz xərcdi və elita klublarının büdcəsinə zərbə vurur.
 
Bəli, “Qarabağ”, “Qəbələ”, “Neftçi” kimi klublara belə kollektivlər vacibdi. Amma bunun üçün də başqa təcrübələr var. Bir çox ölkələrdə, eləcə də İspaniyada, Almaniyada bir sıra komandaların – nəhənglərin, eləcə də normal fəaliyyət göstərən akademiyası olanların – əvəzedici kollektivi mövcuddu. Amma orada “Bavariya”nın, “Ştutqart”ın, “Real”ın, “Barselona”nın, “Atletik”in “B” komandaları aşağı liqalarda mübarizə aparır. Və onlar bu yarışlarda müabiqədənkənar oynayırlar, elitaya iddia etmirlər, əsas komandalara ehtiyat qüvvə hazırlayırlar.
 
Bizdə də bu praktika tətbiq olunmalıdı, imkanına, vəziyyətinə və statusuna baxaraq, hər bir komandaya fərdi münasibət göstərilməlidi. Hamını lisenziya tələbi üzündən eyni şərtlərlə sıxmaq olmaz, kim istəyirsə, öz istedadlarını yetişdirmək arzusu varsa, buyurub, 1-ci, 2-ci dəstədə oynasın. O zaman divizionda say düzəltmək üçün məcburən yığdığımız alverçi komandalar, danışılmış oyunlara qol qoyan qondarma kollektivlər də azalar, dəstə sayı da artar. Belə olsa, nəhayət, Azərbaycan çempionatı da Premyer Liqa və I diviziondan ibarət olmaz. Peşəkar liqaların sayı artar, həm də orada həqiqətən futbolun inkişafına xidmət edən komandalar oynayar.
 
AFFA-nın lisenziya oyununun əsas eybəcərliyi ondadı ki, futbolu sevən iş adamları küsdürülür. Futbola sərmayə qoymaq istəyənlər tələbləri görən kimi kənara çəkilir. Təbii ki, AFFA-nın indiki rəhbərliyinin də istədiyi budur – meydana başqasını buraxmaq istəmirlər. Çünki onlar minimal xərclə maksimal nəticəyə nail olsa, indikilərin əməlləri ifşa olunacaq. Necə ki, Hafiz Məmmədov bir neçə il ərzində uşaq futbolunu inkişaf etdirməyin modelini ortaya qoydu. “Bakı” öz yetirmələrini üzə çıxartdığı bir vaxtda Məmmədov da AFFA-da hakimiyyətə can atmağa başladı və… vuruldu.
 
Klubların “yüklənməsinin”, yersiz xərclərə, gücləri çatmayanda “xaltura”ya məcbur edilməsinin bir çox fəsadları var. Məsələn, bu səbəbdən dağılan AZAL-ın yeniyetmələri indi taleyin ümidinə qalıb, halbuki tələblər belə ağır olmasaydı, komanda fəaliyyətini davam etdirər və saxladığı 3-4 komanda bu gün heyətin özəyini təşkil edərdi. Lakin “təyyarəçilər” 10 komanda saxlamağa məcbur edildi və indi bəlli olur ki, heç düz-əməlli 10 futbolçuları yoxdu.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp