AFFA həmişə özünü müdafiə etmək üçün lisenziya tələblərini beynəlxalq futbol qurumlarının müəyyənləşdirdiyini deyir. Guya ki, tələbləri FIFA, UEFA müəyyən edib və milli assosiasiyalar da buna boyun əyməyə məcburdu. Lakin bu, aldadıcı manevrdi. Bir neçə ölkənin milli assosiasiyasının fəaliyyətinə nəzər saldıqdan sonra belə qənaətə gəldik.
 
Heç bir ölkədə konkret standart yoxdu. Məsələn, qonşumuz Gürcüstanda yalnız 15, 17 və 19 yaşlıların ayrıca liqaları var. Digər qonşumuz Türkiyədə 14, 15, 16, 17 və 19 yaşlılar arasında belə yarışlar keçirilir. Belarusda da liqa bolluğu yoxdu: Gürcüstandan fərqli olaraq, burada 15, 17 və 19 yaşlılardan əlavə, 16 yaşadək olanlar da ayrıca çempionatda yaraşır. Bizim günümüzdə olanlar da var. Pulu olub, heç vaxt parlaq futbolu olmayan, görüntünü reallıqdan çox sevən Qazaxıstanda da U-10-dan U-18-ə kimi bütün liqalar təşkil olunur.
 
Bir fakt isə bizi şoka saldı. Sən demə, Elxan Məmmədov Roma papasından da artıq katolik imiş. Belə düşüncəmizə səbəb Sloveniyayla bağlı əldə etdiyimiz məlumatlar oldu. Hazırkı UEFA prezidenti Aleksandr Çeferinin vətənində cəmi 3 yaş qrupu üzrə liqa mövcuddu.
 
Təbii ki, bu ölkələr heç də qaydaları pozmur. Çünki UEFA-nın tələblərində hər şey açıq-aşkar yazılıb. Qitə futbol qurumunun əsasnaməsinin 18-ci bəndində qeyd edilib ki, hər bir klubun 15-21 yaşlar arasında 2, 10-14 yaşlar arasında 1 komandası olmalıdı və onlar mütləq müntəzəm yarışda iştirak etməlidilər. Bundan başqa, klubların 10 yaşadək futbolçulardan ibarət bir komandası da olmalıdı, lakin onların hansısa liqada iştirakı vacib şərt deyil.
 
Beynəlxalq tələblər bundan ibarətdi və əminəm ki, digər bəndləri incələsək, yenə tələblərin daha yüngül olması ilə bağlı məqamlar tapa bilərik. Bunu AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov da təsdiq edir: “Bəli, UEFA-nın tələbləri belədi. Bu qurum hətta bəzi ölkələrə güzəşt də edir. Bir sıra cırtdan ölkələr əhali sayını əsas gətirərək belə liqaların təşkil edilməməsi üçün müraciət edib, müsbət cavab alıblar. Müəyyən edilmiş tələblərdən az liqası olan digər ölkələr də var və onlara da güzəşt edilib”.
 
Bəs, o zaman bizdə niyə belədir? Axı, Azərbaycan da bir o qədər insan resursuna, maddi təminata malik deyil ki, Avropaya meydan oxusun: “Bizdə lisenziya tələbləri AFFA İcraiyyə Komitəsinin qərarı ilə müəyyən edilib. Klublar da razılaşıb və indiyədək hər hansı problem çıxmayıb. Premyer Liqada çıxış etmək istəyən klublar üçün bu, böyük əngəl olmamalıdı. Mən bundan əlavə nəsə deyə bilmərəm”.
 
Liqa bolluğu, klubların “yüklənməsi”, maliyyə çətinliyi mövzularında müraciət etdiyimiz klub rəsmilərindən heç biri danışmaq istəmədi. Görünür, kimdənsə ehtiyat etdilər və ya nədənsə çəkindilər. Lakin müraciət etdiyimiz 5 klub rəsmisinin hər biri uşaq liqalarına xərclənən pulların büdcələrinə ciddi zərbə vurduğunu, planlaşdırdıqları transferlərin reallaşmasına əngəl törətdiyini dilə gətirdilər. Onlar kəmiyyətdənsə keyfiyyətin vacibliyini qeyd etdilər, 10 komandadansa, tam təmin olunmuş və nəzarət edilən 3-4 kollektivin vacibliyini vurğuladılar. Lakin yersiz lisenziya tələbi üzündən bu, mümkünsüzdü.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp