Yaxın günlərdə “Neftçi”də yeni məşqçi peyda olacaq. Baş məşqçi Elxan Abdullayev köməkçisini Ukraynadan gətirəcək.
 
Futbolinfo.az xəbər verir ki, İqor Getman və Aleksandr Deriberinlə vidalaşan bakılılar onlardan hələlik yalnız birinciyə əvəzləyici tapıb. “Bakı”dakı işindən tanıdığımız Novruz Əzimov vaxtilə futbolçu kimi xidmət etdiyi “ağ-qaralar”da işləyəcək. Elxan bəyin özünün dəvət edib, qovdurduğu Deriberini izə əcnəbi əvəzləyəcək.
 
Abdullayev məşqçilər korpusunu tanıdığı, inandığı insanlardan qurmaq istəyir. Buna görə də o, ukraynalı Andrey Kupçova dəvət göndərib. 2002-ci ildən məşqçi karyerası olan, “Krivbass”, “Aleksandriya” və “Karpatı” klublarının əsas və əvəzedici komandalarında çalışan Andrey ölkəmizdə də görünüb. Son iş yeri “Aleksandriya”nın əvəzediciləri olan Kupçov 2007-2009-cu illərdə Bakı “İnter”ində çalışıb. Elxan Abdullayevlə birgə Valentin Xodukinin köməkçisi olan ukraynalı sonradan vətəninə qayıtmışdı.
 
Ovaxtdan Elxan bəylə münasibətləri davam edən Andrey indi həmkarından yardımçısı olmaq təklifi alıb. Tezliklə o, Bakıya gəlib, rəsmi müqaviləyə imza atacaq. 46 yaşlı sabiq yarımmüdafiəçinin karyerası boyunca ortabab Ukrayna komandalarında oynadığını da xatırladaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp