“Kəpəz” yeni mövsüm üçün avrokubok yarışlarına lisenziya ala bilmədi. Hər halda, AFFA Lisenziya Komitəsinin son qərarından bəlli oldu ki, gəncəlilər bu hüquqa yiyələnə bilməyib. Onlar hətta lisenziya üçün müraciət də etməyibmiş.
 
Futbolinfo.az bunun səbəbini Gəncə klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğludan soruşdu: “Bəli, müraciət etməmişdik. Çünki çempionatda tutduğumuz yer Avropa Liqasına getməyimizə imkan vermirdi. Biz də ümumiyyətlə, müraciət etməməyi qərara aldıq”.
 
Maraqlıdı ki, lisenziya üçün müraciətlər edilərkən mövsüm hələ bitməmişdi. Görəsən, “Kəpəz” rəsmiləri ilk “dördlüy”ə düşməyəcəklərini haradan bilirmiş: “Bizim bütün sənədlər hazır idi, təqdim etmişdik. Yalnız rəqibləri qəbul edəcəyimiz stadionu müəyyənləşdirmək, müqavilə imzalayıb Lisenziyalaşdırma Qrupuna təqdim etmək qalırdı. 4-cü yüri tutsaydıq, bunu da edəcəkdik. Bu, xırda məsələdi”.
 
Nərimanoğlu bunu “xırda məsələ” saysa da, əslində, peşəkarlığa yaraşmır. Çünki infrastrukturla bağlı sənədlərin qəbul vaxtı fevralın 10-da bitmişdi. Ya Mikayıl bəy eyni zamanda AFFA-da da çalışmasından faydalanaraq iş yoldaşları ilə saxtakarlığa gedəcək, ya da məşqçi və futbolçu heyətinin zəhmətini yerə vuracaqdı. Çünki fevralı 10-na kimi təqdim olunmalı sənəd mövsüm bitdikdən sonra verilə bilməzdi.
 
İstənilən halda, təhlükə sovuşdu: “Kəpəz” avrokuboklara vəsiqə qazana bilmədi və gəncəlilərin də sənəd saxtakarlığına ehtiyac qalmadı. Artıq Lisenziya Komitəsi qərar verib, Çempionlar Liqasına gedəcək “Qarabağ”, Avropa Liqasında yarışacaq “Qəbələ”, “İnter” və “Zirə” lisenziyanı alıb. Eyni hüquqa “Sumqayıt”la “Neftçi” də yiyələnib. Azərbaycanda hər şey bir anda baş verir, sabah hansısa komanda avrokuboklara gedə bilməsə, “İnter” və ya “Zirə” hansısa səbəbdən geri şəkilsə, necə olacaq? 5-ci yeri tutan “Kəpəz” qala-qala “Sumqayıt” və ya “Neftçi” qitə yarışlarına yollansa, bunun hesabatını gəncəlilərə kim verəcək?
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp