Topaz Premyer Liqasında yeni mövsümün start tarixi hələ də bəlli deyil. Son çempionat hələ ötən ay bitsə də, mübarizənin bərpa olunacağı gün bilinmir.
 
Futbolinfo.az xəbər verir ki, belə qeyri-müəyyənlik klubların narahatçılığına səbəb olur. Klub məşqçiləri hazırlıq planını müəyyənləşdirməkdə çətinlik çəkir, təlim-məşq toplanışına nə vaxt start verəcəklərini bilmirlər.
 
Peşəkar Futbol Liqasından aldığımız məlumata görə, bütün suallara gələn həftənin əvvəlində aydınlıq gələcək. Yeni mövsümə avqustun sonunda start verilməsi planlaşdırılır. Lakin milli komandanın sentyabrdakı oyununa görə çempionatın daha tez başlaması mümkündü. Futbolçuların oyun praktikası qazanması, seçmə mərhələ oyununa hazır olması üçün belə addım atılacaq. Ancaq tarix milli komandanın planlarından asılı olaraq təyin ediləcək.
 
Mövsümlərarası fasilənin 4 ay uzanması yaxşı deyil. Lakin o da var ki, cəmi 8 komandanın mübarizə apardığı, 28 turun oynanıldığı yarışı erkən başlamağın da mənası yoxdu. Həm də yeni mövsüm builki kimi apreldə deyil, mayın sonunda başa çatmalıdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp