Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki futbolinfo.az saytının suallarını cavablandırıb:

– Millimizin Bakı toplanışı barədə nə deyə bilərsiz?
– Hələlik, tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Komanda həvəslə məşq edir. Amma hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq. Oraya artıq tam heyətlə yollanacağıq.

– Millimiz orada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqib tapa bilməmisiz…
– Bəli, iki yoxlama oyunu keçirmək istəyirik. Ümid həmişə var. Bu məsələni ən azından orada yerindəcə yoluna qoymağa çalışacağıq.

– Heç kim millimizlə oynamaq istəmir, yoxsa sizin oynamaq istədiyiniz komanda yoxdu?
– Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.

– Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidi?
– Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək.

– Çempionatımız çox erkən bitdi. Bəzi oyunçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi problem yarada bilər?
– Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm.

– U-23 millimizin İslamiadadakı çıxışını necə qiymətləndirərdiniz? Komandamız bu turnirin qalibi ola bilər?
– Hər şey ola bilər. Komanda heç də pis oynamır, mübarizə aparır. Əlcəzairlə oyunun da ilk yarısından razı qaldım. Finala çıxmaq çətin olacaq. Əlcəzair çox güclüdü.

– Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyunu izləməyə gəlməyib?
– Planlarımızı korlamaq istəmədim. Onlar oyunu televizordan izləyirlər. 17:00-da isə məşqimiz var. Qoy istirahət etsinlər.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp