“Neftçi”nin mətbuat xidmətinin rəhbəri postuna vakant yerə namizəd axtarışı yekunlaşıb. Mehman Rəsulovun gedişindən sonra bakılıların mətbuat sözçüsü başqa bir həmkarımız olacaq.
 
Yox, bu, AZAL-ın dağılmasından sonra işsiz qalan Eldəniz Yusifov deyil. Eldəniz bəy hələlik AZAL-ın varisi olan “Şüvəlan”da durumun aydınlaşmasını gözləyir. Yusifov özü sosial şəbəkədə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri postuna keçidinin gözlənilmədiyini yazıb: “Bu məlumat hələ heç bir həqiqəti əks etdirmir. Mən bütün iş yoldaşlarım kimi AZAL PFK-nın (“Şüvəlan”ın) rəhbərliyinin qərarını gözləyirəm. Heç bir yerə də getməmişəm. Gözləyirik…”
 
Bildiyimizə görə, “Şüvəlan” baş məşqçi Tərlan Əhmədovu və digər işçiləri saxlamaq niyyətindədi. Bu reallaşmasa, hamı özünə iş axtaracaq. Eldəniz bəyin “Neftçi”yə gedişi də o zaman reallaşa bilər – həm də mətbuat xidmətinə deyil, başqa posta.
 
Paytaxt klubunun mətbuat xidmətinə isə Rüstəm Piriyev rəhbərlik edəcək. Daha 2 həmkarımızın imtinasından sonra klub rəhbərliyi Rüstəm bəylə razılaşıb. Növbəti həftənin əvvəlində bu təyinatın rəsmən açıqlanacağı gözlənilir.
 
Piriyev “Neftçi” üçün ən yaxşı seçimlərdən biridi. Jurnalist fəaliyyəti ilə özünü isbatlamış həmkarımızın paytaxt təmsilçisində də ümidləri doğruldacağına əminik.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp