Bu gün IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları çərçivəsində final görüşü keçirilib. Futbolinfo.az xəbər verir ki, finalda Omanı 2:1 hesabı ilə məğlub edən milli komandamız İslamiadanın qızıl medalına yiyələnib.
Matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Yaşar Vahabzadə jurnalistlərin suallarını cavablandırıb:
– İlk hissədə 2 qol vurduqdan sonra futbolçularda arxayınlıq yarandı. Amma özlərini toparlamağı bacardılar. Futbolçularım bilirdi ki, qalib gəlmək lazımdı. Sağ olsunlar, qalib gəlib, qızıl medalı qazandılar.
– Rəqib fərqi azaltdıqdan sonra qorxmadınız ki?
– Bir az həyəcan var idi, amma futbolçular nə etdiyini bilirdilər. Əsas odur ki, qalib gəldik.
 
– Bu qızıl medalları Azərbaycan millisinin ən böyük uğuru adlandırmaq olarmı?
– Düşünürəm ki, millimiz bundan daha böyük uğurlar əldə edəcək.
 
– Futbolçular bəzən deyinirlər, sərt olurlar. Komandada nizam-intizam nə yerdədir?
– Bəzən tapşırıqları yerinə yetirməyəndə istər-istəməz əsəbi olurlar. Ümumilikdə nizam-intizam qayadındadır.
 
– Yarışın səviyyəsi sizi qane etdimi?
– Əlbəttə! Çox gözəl təşkil edilmişdi.
 
– Bu yarışda komandamızın ən yaxşı oyunçusu kimi hesab edirsiniz?
– Futbol kollektiv oyundur. Burada kimisə çox fərqləndirmək düzgün olmaz. Komandada istək var  idi, əzmkarlıq nümayiş etdirirdilər. Kimisə fərqləndirmək istəmirəm.
 
– Komandada nədən narazısız?
– Futbolçular öz aralarında əlaqəni düzgün qura bilmirdilər. Bir çox futbolçumuz komandaya gec qoşuldu. Bu səbəbdən bir az problem oldu.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp