Dünən İslam oyunlarında futbol yarışının finalında Omanı məğlub edən (2:1) millimiz turnirin qızıl medallarına sahib oldu. Futbolinfo.az xəbər verir ki, matçdan sonra yığmamızın hücumçusu Ağabala Ramazanov jurnalistlərin suallarını cavablandırıb:

– Yaddan çıxılası çempionluq deyil. Məncə, gələcək üçün çox önəmli bir addım atdıq. Ən çox ona görə çalışırdıq ki, gələcək nəsil bilsin, biz bu addımı atmışıq. Növbəti illərdə bu vəzifə onların üzərinə düşəcək, ümid edirəm ki, bu uğurları onlar da qazanacaq. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Finalda tam gücümüzlə meydanda nə lazım idisə, onu da etməyə çalışdıq. Sevinirəm ki, bunu bacardıq.

– İkinci hissədə sanki bir az arxayınlaşdız, ya yorğunluq öz sözünü dedi?
– Fasilədən sonra daha çox qaçdıq. Çünki topa daha çox rəqib nəzarət edirdi. Amma bəlkə də hesabın 2:0 olması bizi rahatlaşdırmışdı.

– Yığma finala kimi “quru” seriyayla gəlsə də, həlledici görüşdə turnirin ən gözəl qollarından birini buraxdığınız…
– Bayaq Şahruddinə də onu dedim: "Bura kimi qol buraxmadın, finalda 25 metrdən vurdular". Onu da alqışlamaq lazımdı, bu turnirdə komandamıza çox kömək etdi. 

– Səncə, ən çətin oyununuz hansı oldu?
– Mərakeşlə matçı qeyd edərdim. 

– İkinci hissədə Yaşar Vahabzadə ilə aranızda nəsə dialoq oldu. Sanki ona əsəbləşdin…
– Dedi, durma. Oyun zamanı olur, bəzən dayanırsan. Bu komandanı Yaşar müəllim yığıb. Bizim yerimizdə olmağa namizəd çox futbolçu var idi. Bizə üstünlük verdiyinə görə, baş məşqçimizə təşəkkür edirik.

– Mükafatla bağlı nə dedilər?
– Bununla bağlı heç nə deməyiblər. Sadəcə, bildiriblər ki, əziyyətiniz yerdə qoymayacağıq. Tək idman növünə 150 min deyiblər, amma bizdə belə olmayacaq. 

– Azarkeşlərin çoxluğu səni təəccübləndirmədi?
– Hamımıza 2 bilet verilmişdi. Bu cür məhdud verilməyindən bildik ki, maraq böyük olacaq. Hamıya da minnətdaram, əla atmosfer vardı.

– İyunun 10-da Şimali İrlandiya ilə oyunda da bu nəticəni təkrarlaya biləkəsiz?
– Bu matçın önəmini başa düşürük. Ciddi hazırlaşırıq. Uğur qazanmağa çalışacağıq.

ELMAR ABDULLA-ZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp