Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə 2-ci "Heydər Əliyev Kuboku" turniri keçiriləcəyi bir müddət öncədən bəlli idi. Futbolinfo.az xəbər verir ki, artıq yarışın iştirakçılarının sayı və formatı dəqiqləşib.

Belə ki, Naxçıvanda baş tutacaq turnirə 4 komanda – MOİK, "Araz-Naxçıvan", "Zaqatala" və "Mil-Muğan" qatılacaq. Komandalar qrupda dairəvi sistemlə mübarizə aparacaq. 3 turdan ibarət olacaq turnir mayın 26-da start götürəcək. Digər oyunlar mayın 28-də və 30-da baş tutacaq. Komandaların oyun qrafiki Naxçıvanda atılacaq püşklə müəyyənləşəcək.

Qeyd edək ki, bu yarş üçün xüsusi olaraq Türkiyədə kubok hazırlanıb. Onun hündürlüyü 83 sm, ağırlığı isə 12 kq 400 qramdır. Kubokun müəyyən hissəsi qızıl suyuna çəkilib, üzərindəki yazılar qızıldandır.

Əlavə edək ki, ilk dəfə “Heydər Əliyev Kuboku” ötən il mayın 25-27-si aralığında keçirilib. Turnirdə "Araz-Naxçıvan", "MOİK", "Neftçala" və "Şərurspor" komandaları iştirak edib, qalibə kubok, bütün medalçılara xüsusi hazırlanmış medallar və mükafatlar təqdim edilib. Final matçında MOİK-i minimal hesabla məğlub edən “Neftçala” turnirin qalibi olub. Bürünc medallar isə əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatan görüşdə “Araz-Naxçıvan”ı penaltilər seriyasında yenən “Şərurspor”a qismət olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp