“Neftçi”də icarə əsasında çıxış edən çexiyalı legioner Zdenek Folprext ölkəsinin mətbuatına müsahibə verib. Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Karyeranda legioner həyatının önəmi nədir?
– Sözün düzü, bunu təsəvvür etmirdim. Xaricdə oynamaq asan deyil. Yeni mühit, yeni insanlar, yeni dil. Amma komandada mənə kömək edənlər çox idi. Onların yanaşmasını görəndə çox sevindim. Düşündüm ki, yaxşı bu qərarı vermişəm.

– Yanvarda oraya gedərkən şübhələriniz var idi?
– Həmişə öncədən mühakimələr olur. Əksər insanlar orada yalnız müsəlmanların yaşadığını, terrorist olduqlarını, ancaq qoyun, inək otardığını düşünürdü. Mən də elə düşünürdüm. Lakin reallıq tamamilə fərqlidi. Bakı göydələnlərlə bəzədilmiş mərmər şəhərdi. Neft pullarının ölkəyə xeyri hər addımda görünür. İnsanlar köhnə şəhərin tairixi küçələrində rahat nəfəs alırlar. Bakıda həyat sadəcə, superdi. Klubda da 16 oyundan 15-də meydana çıxdım. Ehtiyatda oturduğum zaman eyforiyaya qapılmadım. 

– Azərbaycan çempionatı haqqında danışardınız…
– Çexiya ilə müqayisədə bəzi fərdi oyunçular var ki, keyfiyyətli futbolçulardı. Top ilə yaxşı davranan oyunçular var. “Qarabağ” və “Qəbələ” isə ən güclülərdi. 

– “Neftçi”dəki icarə müddətiniz başa çatdı. Sizi “Slovan”da saxlamaq mümkün olacaq?
– Bu, çox yaxın görünür. Avrokuboklarla hər şeyi ölçmək olar. Libereç təmsilçisinin inkişaf edəcəyini düşünürəm. Azərbaycan komandalarının təklifləri yaxşıdı. Skautlar məni gəlib izləyib seçmişdilər. Yəqin ki, yenə də dəvət olar. 

– Yerli oyunçularla münasibətlər necədir? Onlarla kofe içməyə və ya nahara gedirsiz?
– Yerli uşaqlar bunu etmir. Mövsüm ərzində çox az tədbirlər olur. Biz iki qrupa bölünürük, amma aramızda nifaq yoxdu. Biz daha çox Pavel Dreaksa ilə birlikdə gəzirdik. Oyunlardan sonra bir yerdə gedib digər legionerlərlə də görüşürdük. Mənim üçün əla təcrübə idi. 

– Dil problemini necə həll edirdiniz?
– Mobil telefonla, kitab və ya başqa vasitələrlə dil öyrənməyə çalışırdım. Komanda yoldaşlarımla birbaşa söhbət edə bilirdik. Rəsmi dil Azərbaycan dili olsa da, insanların 80 faizi rus dilini yaxşı bilir. Rusiyanın yaxınlığında yerləşdiklərinə görə onların dilini əla mənimsəyiblər. Komandanın tərcüməçisi hər şeyi ingilis dilinə tərcümə edirdi. Amma son aylarda bu, mənə laızm olmadı. Şəhər kənarına gedəndə rus dilində söhbət edirdim. 

– Bütün ölkəni gəzə bildiniz?
– Klubların əskəriyyəti paytaxtda idi. Amma bir neçə dəfə Çexiyadan gələn dostlarımla şəhər kənarına çıxmışdıq. Bir kəndə getmişdik. Orada çimərlik də var idi, həmçinin insanlar mal-qaranı otalağa aparırdı.

– İnsanlar sizə kömək edirdi?
– Əlbəttə. Onlar çox kömək edirdilər və istiqanlı idilər. Bir dəfə kənddə olanda yolu tapa bilmirdim. Bir nəfər balıqçı mənə kömək etdi. Sonra bizi nahara dəvət etdi, balıq bişirdi. Həmin qonaqlıq üçün 4 saat balıq tutmuşdu. Bizi öz ənənələri ilə tanış etdilər. Ailəsi də yanımızda oldu. Həmin insanların davranışı Azərbaycan haqqında böyük təssürat yaratdı. 

– Statistikaya görə insanların əksəriyyəti müsəlmandır…
– Düzdür, bundan əvvəlcə qorxurdum. İnsanların 95 faizi müsəlman, 5 faizi pravoslavdır. Lakin bu, heç nəyi dəyişmirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp