Elvin Məmmədovu heyətinə qatmaq üzrə olan “Qəbələ” heyətdə olan bir sıra futbolçularla bağlı qərar verməyib. Son olaraq, Rəşad Eyyubovun “Sumqayıt”a keçməsinə mane olmayan “qırmızı-qaralar” Rasim Ramaldnovu saxlamaqda da maraqlı deyil.
 
Futbolinfo.az xəbər verir ki, kapitan Cavid Hüseynovun heyətdə qalacağı dəqiqdi. Müqaviləsi bitən yarımmüdafiəçiylə daha bir illik anlaşma razılaşdırılıb. Rəşad Sadiqovla bağlı məsələdə isə vəziyyət eyni deyil. Baş məşqçi Roman Qriqorçuk fiziki hazırlığından razı qalmadığı orta sahə oyunçusunun gedişinin əleyhinə deyil. Bu səbəbdən onunla danışıqlar hələ başlamayıb. Rəhbərlik daha yaxşı alternativ tapacağı halda Rəşada müqavilə təklif etməyəcək.
 
Məsələylə bağlı Sadiqov özü də danışıb: “Hər dəfə mətbuatdan oxuyuram ki, guya “Qəbələ” mənə az məbləğ təklif edib, buna görə də komandadan ayrılıram. Heç kimdən çəkinəcəyim yoxdu, yalan da danışmıram. Mənə hələ təklif olmayıb, söhbət etməmişik. Buvaxta kimi “Qəbələ” ilə imzaladığım heç bir müqavilədə pul söhbəti etməmişəm. Özləri qiymət deyib, qol çəkib getmişəm. Odu ki, belə söz-söhbətləri eşidəndə bir az pis oluram. İslamiada ilə əlaqədar yeni müqavilə məsələsini danışmamışdıq. Yəqin ki çağırarlar, söhbət edərik. Çağırmasalar da, canları sağ olsun. Başqa klublardan təklif almışam. Amma ilk növbədə “Qəbələ” ilə danışacam. Çünki tez-tez, 6 aydan bir komanda dəyişməyi xoşlamıram. Başqasından az məbləğ olsa da, “Qəbələ”də qalmağa çalışacam”.
 
Maraqlıdı ki, Rəşadın vaxtilə formasını geyindiyi “Neftçi”yə keçmək variantı var. Yerli orta sahə oyunçusu axtaran bakılılar üçün belə oyunçu göydəndüşmə olardı. Bildiyimizə görə, paytaxt təmsilçisi Rəşaddan qısa müddətdə “Qəbələ” ilə münasibətlərini dəqiqləşdirməsini istəyir. Əyalət klubunda qalmayacağı halda, “Neftçi” onunla müqavilə bağlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp