Azərbaycanda daha bir futbol ili başa çatdı. “Qarabağ” ardıcıl 4-cü mövsüm Premyer Liqada qalib oldu. Elə ölkə kuboku da 2015 və 2016-cı ildə olduğu kimi, ağdamlıların muzeyinə getdi.
 
Ümumiyyətlə, 2014-cü ildən ölkə futbolunda “Qarabağ” fırtınası əssə də, bunu yalnız əsas komandaya şamil etmək olurdu. Bu mövsüm isə əvəzedicilərdə və 19 yaşlıların yarışında da ağdamlılar hamını üstələyə bildi.
 
Söhbət aşağı yaş qruplarından düşdüsə, burada əsas üstünlüyü “Qəbələ” ələ keçirib. Ölkədə ən yaxşı infrastruktura malik “qırmızı-qaralar” əsas komandaların yarışını nəzərə almasaq, 9 müxtəlif yaş və əvəzedicilərin yarışında 9 müxtəlif əyarda medal qazanıb. “Qəbələ”nin yalnız 17 yaşlıları öz liqasında ilk “3-lüy”ə düşə bilməyib. Buna baxmayaraq, Yaşar Abuzərovun komandasının nəticəsini də hardasa qənaətbəxş saymaq olar – 4-cü yer. Ümumilikdə isə 10 yarışda 5 qızıl qazanan akademiyanın işini əla qiymətləndirməliyik.
 
Əsas komandaların yarışında son 3-4 ildə ölkədə rəqiblərinə aman verməyən “Qarabağ” bu baxımdan 2-cidi. Onlar 3-cü pillədəki “Neftçi”dən medal sayında geri qalsalar da, qənimətin əyarına görə onları üstələyir. Ağdam təmsilçisinin kapitanı olan Rəşad Sadıqovun “Qarabağ”ın 19 yaşlıları ilə ilk ilindəcə medal qazanmasını xüsusi qeyd etmək lazımdı.
 
Maraqlıdı ki, Premyer Liqa təmsilçilərinin medal sıralamasında 4-cü pilləni “Sumqayıt” tutur. Hansı ki, “kimyaçılar”ın aktivində cəmi 1 bürünc var. Onu da Kənan Kərimovun başçılıq etdiyi 11 yaşlılardan ibarət komanda qazanıb. “Sumqayıt”ın 1 bürünclə 4-cü pillədə qərarlaşması həm də o deməkdi ki, digər Premyer Liqa iştirakçıları medalsız qalıb.
 
Təbii ki, burada əsas başlıca səbəb kimi maliyyəni göstərmək olar. Bu mənada isə ən çox “İnter”i fərqləndirməliyik. Əvvəlki illərdə hər mövsüm medalçılar sırasında olan “bankirlər”in həm maliyyə imkanlarının zəifləməsi, həm də rəhbərlik səviyyəsində çoxlu dəyişikliklər edilməsi də buna öz təsirini göstərdi.
 
Həmişə yetişdiriyi futbolçularla sayılıb-seçilən Gəncə futbolu da “Kəpəz”in timsalında heç nə qazana bilmədi. “Zirə” ötən mövsüm Füzuli Məmmədovun rəhbərlik etdiyi 19 yaşlıları ilə gümüş medal qazansa da, bu mövsüm ona da nail ola bilmədi. AZAL-ın isə vəziyyəti göz önündədi, əlavə şərhə ehtiyac yoxdu.
 
Premyer Liqa klublarının mövsüm ərzindəki bütün medalları
komanda            qızıl        gümüş    bürünc    cəmi
1. Qəbələ              5               2             2            9
2. Qarabağ            3               1             –             4
3. Neftçi                2               2             3            7
4. Sumqayıt          –                –              1            1
Qeyd: rəqəmlər medal sayını göstərir
 
Elita klublarının bütün liqalar üzrə tutduğu yerlər
komanda        10        11        12        13         14         15         16        17       19    əvəzedicilər
1.“Qarabağ”       –          –           –            –           1           8           6          2          1           1
2. “Qəbələ”        3          1          1           1           3           1           1          4          2           2
3. “İnter”           –          –           –            –           –            5           4          5          6           4
4. “Zirə”            –          –           4            –           –            4           7          8          4           5
5. “Kəpəz”         –          –           –             –           –           10          8         11        11          6
6. “Sumqayıt”    –          3          –             –           –            7           5          7          8           7
7. “Neftçi”         1          2          –             –           1            3           2          –          3           3
8. AZAL            –           –          –             –           –            11         11         12        9           8
Qeyd: rəqəmlər komandaların mövsümü neçənci pillədə tamamladığını göstərir ("-" – bu komandalar final mərhələsinə yüksəlməyib)
 
Göründüyü kimi, bütün ölkə futbolunun ağırlığını “Qəbələ”, “Qarabağ” və “Neftçi” çəkir. Əksər milli komandaların bu klublarının üzvlərindən təşkil olunmasının səbəbi də budur.
 
Lakin Premyer Liqa iştirakçıları ilə yanaşı, burada təmsil olunmayan komandalar da var ki, onlar da medalçılar sırasına düşməyi bacarıb. Uzun illərdi uşaq futbolunda  yer alan “Vətən”i bu mənada xüsusi fərqləndirmək olar. Komanda qazandığı 1 qızıl, 3 gümüş və 1 bürünc medalla əksər Premyer Liqa təmsilçilərinin aşağ yaş qruplarından sözün yaxşı mənasında seçilməyi bacarıb.
 
Premyer Liqada təmsilçisi olmayıb, aşağı yaş qruplarında medal qazananlar
komanda            10           11           12           13           14           15           16           17           19
“Vətən”               2             –              –              2            –             2            1            3              –
“Azəri” TİM          –             –              2              –            –              –            –             –              –
“Leon”                 –             3              –              –            –              –            –             –              –
“Man.Yun.Bakı”    –              –              –              –            3             –             –             –             –
TİM (Gəncə)        –              –              –              –             2             –            –             –              –
Qeyd: rəqəmlər komandaların mövsümü neçənci pillədə tamamladığını göstərir
 
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp