"Uzun müddətdir çempion ola bilmirdik. Bu günü səbirsizliklə gözləyirdik" – bu sözləri "Real"ın futbolçusu Kriştianu Ronaldo La Liqanın sonuncu turunda "Malaqa" üzərində qələbə qazanaraq çempion olduqları matçdan (2:0) sonra deyib.
 
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı ulduz çempionluğu belə şərh edib: "Möhtəşəm mövsüm keçirdik. Demək olar ki, son illərin ən yaxşı komandasıyıq. Düşünürəm ki, uğurumuzda baş məşqçimiz Zinəddin Zidanın rolu böyükdür. O, az oynayan futbolçulara da şans verməklə əla komanda yaradıb. Şəxsi oyunuma gəlincə, mövsümün sonunun çətin keçəcəyini bilirdim. Yaxşı hazırlaşdım və son oyunlarda qollarımı sıralamağa başladım".
 
Portuqaliyalı hücumçu özünü və ailəsini tənqid edənlər haqda da danışıb: "Heç vaxt televizora baxmıram. Baxsam, karyeram məhv olar. Bilirəm ki, karyeram və ailəm haqda çox danışırlar. Ancaq insanlar Kriştianu haqda düzgün fikirdə deyillər. Futbolla bağlı danışılanlar məni əsəbiləşdirmir. Çünki danışanlar statistikama baxanda susurlar. Ancaq kiminsə şəxsi həyatım barədə danışması doğru deyil. Ailəmdə bir uşağım və anam var. Eşidirəm ki, Kriştianunun ağılsız, qız düşkünü olduğunu deyirlər. Lakin mən belə deyiləm".
 
Ronaldo komandanın baş məşqçisi Zinəddin Zidan barədə də danışıb. O, Zidanı özünün ən yaxşı məşqçisi adlandırmaqda çətinlik çəkdiyini deyib: “Zidanın mənim ən yaxşı məşqçim olduğunu demək çətindi. Paralellər aparmaq istəmirəm. Ancaq o, fenomenal iş görüb. Zidan həmişə futbolçular və əməkdaşlarla ağılla davranıb. Ancaq o özü deyib ki, hələ məşqçi kimi öyrənir. Mən ona futbolçu olarkən pərəstiş etmişəm. İndi isə məşqçi kimi pərəstiş edirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp