FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması bu gün açıqlanan siyahıda əvvəlki mövqeyini xeyli yaxşılaşdırıb.

Belə ki, millimiz 11 pilləlik irəliləyişə imza atıb. Komandamızın hesabında hazırda 439 reytinq xalı (ötən ay 386) var. Bu göstərici ilə Azərbaycan 87-ci pillədən 76-ya yüksəlib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızla bir qrupda qərarlaşan komandalara gəlincə, Almaniya 3-cü (1511 xal), Şimali İrlandiya 28-ci (837), Çexiya 44-cü (690), Norveç 87-ci (391), San Marino isə 204-cüdü (12).

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Braziliya (1715), Argentina (1626), Almaniya (1511), Çili (1422), Kolumbiya (1366), Fransa (1332), Belçika (1292), Portuqaliya (1267), İsveçrə (1263) və İspaniya (1198).

Bu ayın ən yaxşı göstəricisi 17 pillə irəliləyərək 95-ci sıraya yüksələn Yeni Zelandiyaya məxsusdur. Ən pis göstəriciyə isə Mavritaniya imza atıb – 13 pillə geriləyən bu ölkə indi 104-cüdü.

Qonşu Türkiyə yığması hazırda 855 xalla 25-ci yerdə gedir. "Ay-ulduzlular" ötən ayla müqayisədə 3 pillə geriləyiblər.

Qeyd edək ki, FİFA növbəti reytinq cədvəlini iyulun 6-da açıqlayacaq.

Shares: