“Dostlarımla birlikdə tətilə yollanmalı idim. Həmin ərəfədə agentim zəng edib, yığmaya çağırıldığımı dedi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinə ilk dəfə çağırılan Şey Makkartan deyib.
Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da yığmamızın qonağı olacaq. İyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşü, həmçinin Azərbaycanla oyuna dəvət alan futbolçuların sırasında Makkartan da var.
Bununla bağlı ölkəsinin mətbuatına danışan “Akkrinqton Stenli” klubunun 23 yaşlı hücumçusu maraqlı fikirlər səsləndirib. Makkartan baş məşqçi Maykl Onilin onu birbaşa oyunlara dəvət etmədiyini, lakin məşqdəki çıxışını gördükdən sonra fikrini dəyişdiyini bildirib: “Agentim zəng edəndə elə bildim ki, birbaşa Yeni Zelandiya və Azərbaycanla oyunlara dəvət almışam. Dərhal atama xəbər etdim. Ancaq sonra başa düşdüm ki, məni həmin görüşlərə yox, sadəcə, məşq prosesinə dəvət ediblər. Yaxşı ki, çox adama deməmişdim (gülür). Lakin məşqdə özümü yaxşı tərəfdən göstərdikdən sonra Onil məni kənara çəkdi. O, yaxşı “işlədiyimi” deməklə yanaşı, məni bəyəndiyini və qarşıdakı oyunlara hazırlaşacaq heyətdə yer alacağımı bildirdi”.
Makkartan həm Yeni Zelandiya, həm də Azərbaycanla oyunlarda çıxış etmək arzusunu səsləndirib: “Qarşıdakı matçlarda millinin formasını geyinməkdən qürur duyaram. Bu, karyeramın ən yaxşı anı olar. Yığmanın heyətində meydana çıxmaq hər futbolçu üçün yüksək səviyyə deməkdi. Baş məşqçinin Yeni Zelandiya və Azərbaycanla görüşlərdə mənə şans verib-verməyəcəyini səbirsizliklə gözləyirəm”. Apasport