“Azərbaycanla matç bizim üçün böyük önəm kəsb edir. Oyunumuzdan zövq almağa çalışacağıq”. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının qapıçısı Maykl Makqovern deyib.

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində iyunun 10-da millimizin qonağı olacaq Britaniya təmsilçisi paytaxtımıza qələbə arzusu ilə gələcək.
 
Rəqibin 33 yaşlı qolkiperi bunun çətin baş tutacağını etiraf edib. Ancaq o, bu məsələyə nikbin baxdıqlarını bildirib: “Son Avropa çempionatının seçmə mərhələsində də analoji duruma üzləşmişdik. Onda Macarıstan, Yunanıstan və Farer adaları ilə oyunlar öncəsi çətin vəziyyətdən çıxmağı bacarmışdıq. Bu təcrübə Azərbaycanla oyuna daha güclü çıxmağımıza kömək olacaq. Bütün diqqətimizi qalan matçlara yönəltmişik. Final mərhələsinə vəsiqə uğrunda mübarizədən sona qədər qopmayacağıq. Necə ki, AÇ-2016-da bunu bacarmışdıq. Bu uğuru təkrarlamamaq üçün heç bir səbəb yoxdu. Məlumdu ki, ilin bu fəslində Azərbaycanla səfərdə qarşılaşmaq çox çətindi. Ancaq neqativ düşünmürük. Çox pozitivik və bacaracağımıza inanırıq. Əgər maksimum gücümüzü ortaya qoysaq, istədiyimiz nəticəni əldə edəcəyimizə əminəm”.
 
Komandasının bir yumruq kimi birləşdiyini söyləyən Makqovern bütün futbolçuların Bakıda meydana çıxmaq arzusunda olduğunu vurğulayıb. O, 37 yaşlı müdafiəçi Qaret Makaulinin zədəsinin vaxtından əvvəl sağaltmasını buna əyani sübut kimi göstərib: “Qaret zədəsini sağaltmaq və Azərbaycanla oyuna hazır olmaq üçün bütün gücü ilə məşq etdi. Düşünmürəm ki, bu hal Şimali İrlandiya futbolunda tez-tez baş verir. Bu onu göstərir ki, indi hər kəs oynamaq arzusundadı. Çünki hamımız bunun böyük oyun olduğunu bilirik. Əlbəttə ki, hədəf dünya çempionatına vəsiqə qazanmaqdı. Avropa çempionatından sonra mundialın da dadını bilmək istəyirik. Bu, bizim üçün xüsusi olar”.
 
“Norviç”in qolkiperi Şimali İrlandiya millisinin yaxşı yolda olduğunu da sözlərinə əlavə edib: “Son vaxtlar yaxşı çıxış edirik ki, bu, böyük hadisədi. Baş məşqçimiz də bizdən yalnız bunu tələb edir. İstəyimizin ardınca qaçırıq. Daim gələcəyə ümidlə baxırıq. Məşqlərdə topla çox oynayırıq və bunun üzərində dayanmaqdan işləyirik. Əzmlə çalışmağın bəhrəsini görəcəyimizi bilirik. Düzdü, biz ən bahalı komanda deyilik və hamını irəli daşımağa çalışmırıq. Ancaq fikrimcə, istəyimizi həyata keçirmək üçün düzgün vaxt seçmişik”.
 
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp