“Neftçi” tarixinin, eləcə də futbol tariximizin ən keşməkeşli dövrünü yaşayır. Son mövsümdəki nəticə göstərdi ki, flaqman bu adı çoxdan itirib və “Qarabağ”ın kölgəsində boyun bükür. 8 komandalı yarışda 7-ci yeri tutmaq sonun başlanğıcı sayılmalıdı.
 
Hər bir komandanın eniş dövrü ola bilər – bu, qaçılmazdı. Lakin bunun səbəbləri olmalıdı. Maliyyə böhranı, hansısa cəza, müxtəlif fors-major hallarına görə səbr etmək mümkündü. Amma görəndə ki, klub sadəcə, inhisara alındığı, düzgün idarə edilmədiyi, başında dəlləklik edildiyi üçün böhrana məhkum edilib, o zaman buna göz yummaq olmur.
 
Bəlkə də mətbuatın hansısa kluba bu qədər diqqət ayırması, onun hər bir səhvini qabartması də qəribə görünür. Çünki ölkədə daha bərbad durumda olanlar var və onlarda gedən proseslər bu qədər qabardılmır. Amma bunun da səbəbi var – söhbət ölkənin bir nömrəli klubundan gedir və “Neftçi” birbaşa dövlət tərəfindən maliyyələşir, deməli, klubda milyonları yeyənlər həm də vətəndaşların boğazından kəsilən pullarıciblərinə ötürürlər.
 
Premyer Liqada 8 komanda yarışır. Ötən mövsüm “Neftçi” sondan 2-ci oldu. Maliyyə planında yanaşanda isə bəlli olur ki, bakılılar ən yaxşı büdcəyə malik olanlar arasında öndən 2-cidi. Və bu uğursuz seriya təkcə 2016/17 mövsümündə yaşanmayıb, artıq 4 mövsümdü davam edir, son ikisində fiasko həddinə çatıb, yeni yarış ilinin planlaması da fərqli nəsə vəd etmir.
 
Klubun sponsoru olan SOCAR-ın (oxu: dövlətin) milyonlarının havaya sovrulmasının, uğursuzluq fonunda heç kimin cəzalanmamasının, əksinə, klub idarəçilərinin postunda daha da möhkəmlənməsinin izlənilməsi maraqlıdı. Cavabdeh şəxslər ya “Neftçi”nin, paralel olaraq, ölkə futbolunun qəsdinə durub, ya da böyük pulların dağıdılması kimlərinsə maraqlarına uyğundu. Bunun başqa adı yoxdur, ola da bilməz. Situasiyaya sponsorların, dövlət rəhbərliyinin biganə qalması daha düşündürücüdü.
 
Yeni mövsümün startına xeyli var. Lakin əksər klublar hazırlıqlara ya start verib, ya da ən azı heyətin gücləndirilməsi yolunda müəyyən iş görüblər. Susqun qalan təkcə “Neftçi”di. Bakılılar 2 ayyarımlıq fasilə elan ediblər və qismət olsa, yalnız iyunun ortalarında bir araya gələcəklər. Halbuki uğursuz mövsümdən sonra komanda hətta 10 günlük istirahəti özünə çox görməli, güclənmək üçün fəal iş apamalı idi.
 
“Neftçi” rəhbərliyi fasilənin uzunluğunu və s. səbəbləri göstərə bilər. Əslində, reallıq başqadı. Komandanın baş məşqçisi Elxan Abdullayev millinin düşərgəsindədi. Robert Prosineçkinin köməkçisi burada ikinci işindən aldığı maaşın əvəzini ödəyir. Millinin inzibatçısı İslam Abbasov da onun kimi – paytaxt klubunda tutduğu vəzifəni unudub, yığmanın problemləri ilə məşğuldular. İki cəbhədə döyüş onlara yüksək maaş qazandırırsa, klubun ayaq altına atılan imici, nüfuzu heç kimi maraqlandırmır. Elxan bəy də o qədər böyük mütəxəssis deyil ki, bir əlində iki qarpız tuta.
 
Amma bu qarpızları onun əlinə verən AFFA rəhbərliyi, konkret olaraq, qurumun real idarəçisi olan baş katib Elxan Məmmədov məmnundu. Narahat da deyillər, çünki 10 ildən çoxdu ölkə futboluna axan yüzmilyonların qarşılığında futbolumuzda minimal inkişaf yoxdur, onlar isə iş başındadılar. Bu adamlar vəzifəyə gələrkən Azərbaycanın əksər bölgələrində futbol var idisə, indi cəmi 2 əyalət şəhərinə son ümid kimi baxılır; bu adamlar vəzifəyə gələrkən milli çempionatda 12-16 klub iştirak edirdisə, indi say 8-dək enib. Əvəzində mənasız layihələr, xərclər…
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp