Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin çalışdırdığı millimiz doğma meydanda C qrupunun ikincisi – Şimali İrlandiya ilə üz-üzə gələcək.

Şimali İrlandiya Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, bu, yığmamızın adıçəkilən rəqibə qarşı 6-cı görüşü olacaq. Bundan əvvəlki matçlarda rəqib 2, təmsilçimiz isə 1 qələbə qazanıb. Digər 2 görüşdə tərəflər sülhə razılaşıb. Elə topların fərqində də irlandların üstünlüyü var – 7:3. Bakıda keçirilən oyunların balansında isə yığmamız bu rəqibinə nəinki məğlub olub, qapısından top belə buraxmayıb:

09.10.2004. Azərbaycan – Ş.İrlandiya 0:0 (DÇSO-2006)
03.09.2005. Ş.İrlandiya – Azərbaycan 2:0 (DÇSO-2006)
14.11.2012. Ş.İrlandiya 1:1 Azərbaycan 1:1 (DÇSO-2014)
11.10.2013. Azərbaycan 2:0 Ş.İrlandiya (DÇSO-2014)
11.11.2016. Ş.İrlandiya 4:0 Azərbaycan (DÇSO-2018)

Şimali İrlandiya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 28-ci yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli geridə – 76-cı pillədə qərarlaşıb. Təbii ki, komandalar arasındakı səviyyə fərqi diqqətçəkən dərəcədədi və bu, statistik göstəricilərdə özünü əks etdirir.

Şimali İrlandiya millisinə yerli mütəxəssis Maykl O`Nil başçılıq edir. 47 yaşlı məşqçi 2011-ci ildən etibarən bu yığmanı çalışdırır. 2006-cı ildən məşqçilik edən mütəxəssis vaxtilə Şotlandiyanın "Brixit Siti", eləcə də yerli "Şemrok Rovers" klublarında da baş məşqçi olub. 

Göründüyü kimi, yığmamızı bu dəfə də çətin rəqiblə sınaq gözləyir. Cari seçmə mərhələdə millimiz startda San Marinoya (1:0) səfərdə, Norveçə (1:0) isə doğma meydanda qalib gəlib. Çexiya ilə səfər görüşündəki qolsuz heç-heçənin ardından Şimali İrlandiya ilə səfərdəki qarşılaşmada komandamız ilk məğlubiyyətini aldı – 0:4. Elə Almaniya ilə Bakıdakı ev oyunu da millimizin darmadağını ilə başa çatdı – 1:4. Bu nəticələrdən sonra Azərbaycan millisi 5 oyuna 7 xalla qrupunda 4-cü pillədə qərarlaşıb. Şimali İrlandiya yığmasına gəlincə, qrup ikincisi olan rəqibimiz startda Çexiya ilə səfər oyununda qolsuz heç-heçəyə razılaşıb. San Marinonu doğma meydanda 4:0 hesabıyla yenən irlandlar ardından səfərdə Almaniyaya 0:2 hesabıyla uduzublar. Azərbaycan (4:0) və Norveç (2:0) ilə ev oyunlarındakı ardıcıl qələbələr isə bu komandanı qrupda ikinci yerə yüksəldib. Rəqib qapılarından 10 top keçirən irlandlar cəmi 2 dəfə qol acısı yaşayıb. Rəqib qapılarından 3 top keçirib 8 qola üzülən millimizin belə güclü rəqiblə görüşdə nəyə nail olacağı maraqla gözlənilir.

Şimali İrlandiya yığması Bakıda çıxış etməsinə baxmayaraq, millimizlə görüşdə yenə aşkar favoritdi. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndirilə bilər. Amma təbii ki, millimiz qələbə qazanmağa köklənib və bunu həm futbolçuların, həm də baş məşqçi Prosineçkinin açıqlamalarından hiss etmək mümkündü.

Qeyd edək ki, millimiz bu gün irlandları üstələyə bilsə, özü üçün rekord müəyyənləşdirə bilər. Belə ki, əldə ediləcək uğur millimizin cari seçmə tsikldəki xallarının 10-a yüksəlməsinə səbəb olacaq. Bu isə yeni rekorddu. Daha əvvəl ən yaxşı nəticəmiz DÇ-2014-ün seçmə mərhələsində qazanılan 9 xal olub. Mümkün qələbə həm də yığmamızın Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmaq şanslarını saxlayacaq. Əks halda AFFA rəhbərliyinin məşhur "niyə də yox" şüarı artıq əvvəlki effektini itirəcək.

FİFA-nın sonuncu reytinq cədvəlində 11 pillə irəliləyərək 76-cı sıraya qalxan millimiz Şimali İrlandiya üzərində qələbə ilə bu nəticəsini də xeyli yaxşılaşdıra bilər. Britaniyalılarla mümkün heç-heçə millimizə 49 reytinq xalı qazandıracaq. Belə olan halda, təmsilçimiz növbəti reytinq cədvəlində 2-3 pillə irəliləyə bilər. Adalıları məğlub edəcəyimiz halda isə yığmamız daha böyük uğur qazanmış olacaq. İrlandlar üzərində qələbə Prosineçkinin yetirmələrinə 170 xal qazandıracaq. Belədə əmsalını 609-a çatdıracaq  yığmamız FİFA-nın reytinq cədvəlində 12-15 pillə irəliləyib, bu mənada tarixinin ən yaxşı nəticəsinə imza ata bilər.

Şimali İrlandiya ilə qarşılaşma Azərbaycan millisinin 2017-ci ildə üçüncü oyunu olacaq. Yığmamız bu il ilk oyununu martın 9-da səfərdə Qətərə qarşı keçirib və 2:1 hesablı qələbəyə sevinib. Almaniya ilə qarşılaşma isə 1:4 hesablı məğlubiyyətimizlə nəticələnib.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 230-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 43-də qələbə qazanmışıqsa, 62 görüşdə də heç-heçə ilə təsəlli tapmışıq. 124 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 163 qol vurduğumuz halda, öz qapımızdan 389 top çıxarmışıq.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu

10 iyun

20:00. Azərbaycan – Şimali İrlandiya
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandri Hernandez (Hamısı İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp