Rəqiblərin formada olmaması, bizə ciddi yanaşmaması və s. səbələrdən millimizin tsiklin əvvəlində topladığı 7 xal deyəsən, elə ümumi qazancımız olacaq. Elə eyforiyaya qapıldıq ki, özümüzü unutduq, hər məğlubiyyətə “qəzadı” dedik və bir də ayıldıq ki, bizə yaraşan yerdəyik. Artıq “cırtdanlar” da çatıb, futbolunun məhv olduğunu düşündüyümüz ölkələr isə bizi haqlayıb.
 
Hamı xal qazanır, kimisə udur, lakin heç kəsdə hay-küy, yalançı vəd yoxdu. Bizimkilər “Niyə də yox?!” illüziyası ilə dövlət büdcəsini talan etdiyi vaxt Andorra macarları yenir, ermənilər ac klublarının yetirmələri ilə 6 xal qazanır və s.
 
İndi ayılmaq olar. Şimali İrlandiya millisi bizi qəflət yuxusundan oyandırmaq üçün hər şey etdi. Artıq boxçamıza baxıb, tsiklin finişi ərəfəsində nə əldə etdiyimizi görə bilərik.
 
İrlandlarla matç dönüş nöqtəsi idi. Bu oyunda qazanılacaq qələbə ən azı ilk “üçlük” uğrunda döyüşməyə imkan verəcəkdi. Belfastda alınan biabırçı yenilginin (0:4) təsadüf olduğunu sübut etmək lazım idi. Əks halda, əbədi autsayder imicini təsdiqləmək üçün daha bir “şans qazanacaqdıq”.
 
İlk dəqiqələr göstərdi ki, Robert Prosineçki çox ehtiyatlıdı. Topu özündə maksimum çox saxlayan futbolçularımız qorxduqları standart vəziyyətlərdən qaçmaq üçün hər şeyə hazır idi. Bunun nəticəsidi ki, ilk yarıda qapıya düz-əməlli zərbə də endirə bilmədik. Yalnız Ramil Şeydayevin qazandığı bir fürsəti qeyd etmək olar – onda da “çərçivə” hücumçumuza dar gəldi.
 
Bütün matçı yalnız ötürmə faizinin yüksək titulmasına qurban verən millimizdə Riçard Almeydanın faydalı işi görünürdü. Debütant braziliyalı təkcə projektorların işıqlandırdığı keçəli ilə diqqət çəkmirdi, oyunun da dirijoru idi. Müdafiə qurğusunun əsas hissəsinin, eləcə dayaq yarımmüdafiəsinin “Qarabağ”lılardan qurulması oyunun taktikasına da təsir etmişdi. Yığmamız arxada səliqəli oynayır, iş hücuma gələndə zəncir qırılırdı.
 
Lakin fasilədən sonra Prosineçki də anladı ki, rəqib o qədər də güclü deyil və qələbəyə oynamaq olar. Hücuma diqqət artırılan kimi qonaqların oyunundakı qüsurlar üzə çıxmağa başladı. Buvaxta qədər gücünə qənaət etmiş millimiz oyuna diqtə etməyə, qol epizodları yaratmağa nail oldu. 10-15 dəqiqə ərzində hətta böyükhesablı qələbəyə bəs edəcək qədər qol şansı bardı, ancaq tabloda hesab dəyişmirdi. Oyunçu seçiminin düzgün olmaması, üstəlik, futbolçuların fərdi bacarığının zəifliyi irlandları xilas etdi.
 
Əvəzində qonaqlar yeganə ciddi hücumu son saniyələrdə qola çevirib, bütün ümidlərin üstündən xətt çəkdilər. Həmin epizodda müdafiə xəttini tar-mar edən rəqib, Pavel Paşayevin fərdi səhvini də bağışlamadı. Bu qol ustalıq səviyyəsinin nə demək olduğunu isbatladı.
 
Bəlkə də heç-heçə daha ədalətli nəticə olardı, lakin irlandların da qapısına sıxıldığını deyə bilmərik. Millimiz oyun boyu topa daha çox sahib olsa da, öz yarımmeydançasında ardıcıl ötürmələr vermək hələ rəqibə dərs keçmək demək deyil.
 
Milli komandamızda oyun praktikasının yoxluğu xüsusilə ilk dəqiqələrdə hiss olunurdu. Avstriya toplanışının keyfiyyətsiz təşkili üzündən oyunçular sanki ritmə düşə bilmirdi. İlk hssədə bunu sığortalayan komanda artıq fasilədən sonra əsl futbolunu oynamağa başladı, qəfil zərbənin əvəzini çıxmaq üçün isə vaxt qalmadı.
 
Bir ayağı Bursada olan Prosineçkinin seçimi çox maraqlı idi. Xorvata sözümüz yoxdu – həqiqətən komandanı dirçəltmək üçün ən yaxşısını etməyə çalışır. Amma onun bəzi kaprizləri bağışlanmazdı. Son dəqiqələri ümumiyyətlə, hücumçusuz keçirmək onun səhvi idi. Təzyiq göstərmək zamanı gələndə birdən-birə bundan imtina etmək hardasa buraxılan qola da şərait yaratdı. Bəh-bəhlə gətirilən Dəniz Yılmaz, Renat Dadaşov o səviyyəli oyunçular deyilsə, Rauf Əliyevi heyətdən kənarda qoymaq ədalətsizlikdi. Ramil Şeydayev çox istedadlıdı, lakin o, yorulanda Araz Abdullayevi önə atmaq ayıb idi. Bu, faktiki qoldan imtina, heç-heçəyə razılaşmaq anlamı verirdi.
 
Xorvat mütəxəssisin mətbuat konfransındakı ədası, hərəkətləri xoşagələn deyildi. Saymazyana münasibət, özündənmüştəbehlik Prosineçkiyə yaraşmadı. Əlinə dəyən su stəkanının sınmasından sonra özü də ayıldı, gərginliyi bir qədər azaldı. Amma yenə də elə danışırdı ki, sanki hər şeyi düz edib, yalnız bəxt nəticəsində uduzmuşuq. Onun da qərar vermək vaxtıdı: ya qalıb, əvvəlki kimi normal işləsin, həqiqətən komanda quruculuğunu tamamlasın, ya da Bursaya getsin, əsəblərimizi korlamasın.
 
AFFA rəhbərliyinin isə hesabat vermək zamanıdı. Artıq Rusiyaya gedən qatara bilet qalmayıb, vədlərin yalançı olduğu ifşa edilib. Nə strategiya var, nə də nəticə. Üzr istəmək, cəhənnəm olub getmək də olar. Hər cür şərait yaradılan, güclənməsi üçün hər millətin nümayəndəsinə milli pasport verilməsi qarşılığında bu təticələr qəbulolunmazdı.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp