Robert Prosineçkinin Azərbaycan macərası bitdi. Xorvat mütəxəssis qarşıdakı həftədə “Bursaspor”la rəsmi müqavilə bağlayacaq.
 
Düzdü, onun AFFA ilə müqaviləsi tsiklin sonunda başa çatacaq. Lakin Prosineçki perspektivi düşünür və karyerasını irəlilətmək istəyir. Xorvat heç bir perspektiv görmədiyi millidə qalmaqdansa, Türkiyədə çalışmağı məqsədəuyğun hesaab edir.
 
Şimali İrlandiya ilə matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarından əsəbləşsə də, Prosineçki millidə qalacağı barədə vəd vermədi. Diplomatcasına vəziyyəti idarə etməyə çalışan millimizin “sükançısı” AFFA rəhbərliyi ilə söhbəti gözləyir. Bursalılarla şəxsi müqaviləsinin detallarını razılaşdıran məşqçi indi onun üçün ödəniləcək təzminat məbləğinə görə səbr edir. “Bursaspor” AFFA ilə razılaşınca Prosineçkinin ölkəmizdəki karyerası da bitəcək.
 
Türkiyə mətbuatı qarşıdakı həftədə Robertin müqavilə bağlamaq üçün Türkiyəyə gedəcəyini yazır. Nə səbəbkar, nə də AFFA anlaşmanın pozulmayacağını demir, “müqavilə davam edir” bəhanəsi ilə vəziyyəti idarə edirlər. Lakin bütün bunlar Şimali İrlandiya ilə matçı yola vermək üçün idi. Yığmamız qələbə qazanacağı halda, Prosineçki postunda qalacaq, son oyunlarda hədəfə çatmaq üçün döyüşəcəkdi. Lakin məğlubiyyət tsiklin qalan hissəsini mənasızlaşdırdı. İndi Prosineçki daha perspektivli layihəyə tələsir.
 
Bursa variantının aylardı gündəmdən düşməməsi təsaüfi deyil. Digər Türkiyə klublarından, hətta “Valensiya”dan dəvət gəlməsinin açıqlanması menecer oyunları, məşqçinin dəyərini artırmaq cəhdləri idi. Lakin “Bursaspor”la bağlı vəziyyət başqadı. Nə Robertin meneceri, nə də Türkiyə klubunun rəhbərliyi bu təklifi inkar edir. Hamı Şimali İrlandiya ilə matçın nəticəsini gözləyirdi ki, o da türklərin istədiyi kimi bitdi. İndi Prosineçki üçün yol açıqdı.
 
Qarşıdakı həftədə AFFA da bu barədə rəsmi məlumat verəcək və yeni məşqçi axtarışına başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp