“Niyə də yox?!” – artıq şüar, deviz deyil. İndi hamı üçün məsxərə vasitəsi, tikanlı atmacadı.
 
Gözəl şüar idi, əla seçilmişdi. İdeya müəllifi olduğu deyilən, AFFA İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov bəlkə heç öz sahəsində də belə kreativ “əsər” yaratmayıb. İnanmaq, arxasına düşmək, hədəfə yürümək, ətrafında birləşmək üçün super ideya idi. İdi…
 
Amma uğur qazanmaq, həqiqi iş görmək, məqsədə çatmaq şüar seçmək qədər asan deyil. Bu məsələlərdə zəhmət çəkmək, mübariz olmaq daha vacibdi. Xəyalı reallığa çevirmək üçün niyyət təmiz, potensial böyük, iradə möhkəm olmalıdı.
 
Millimiz dünya çempionatının cari seçmə mərhələsinə başlayanda hamı komanda ətrafında birləşdi. Hətta reallığı unudub millimizdən möcüzə gözləməyə başladıq. Çətin idi, mümkünsüz deyildi.
 
“Futbolinfo” olaraq, ilk gündən milli komanda naminə biz də “Niyə də yox?!” dedik. Düzdü, bu işə qol qoyanların axıracan mübarizəyə dözəcəyinə əmin deyildik, şəxsi mənfəətlərindən əl çəkməyəcəklərini, bu şüardan hakimiyyət müddətlərini uzatmaq üçün istifadə edəcəklərini bilirdik. Amma daha çox futbolçularımıza güvəndik, şəxsi maraqları kənara qoyub, xəyallar qurduq.
 
İlk 3 tur fantastik keçdi. Qazanılan 7 xal, üstəlik, millimizin top buraxmaması “Niyə də yox?!” deyənləri bir az da ruhlandırmışdı. Amma ardıcıl 3 məğlubiyyətdən sonra anladıq ki, bu şüar süni nəfəslə doldurulmuş kövrək şardan başqa bir şey deyil. Dünya çempionatının final mərhələsinin hətta pley-offuna ümid etmək üçün həddindən artıq qüsurluyuq.
 
Daha 3 tur arxada qalıb və yenə 7 xalımız var. Bəldə bu nəticə San Marinoyla ev oyununa kimi də dəyişməz qalacaq. Potensialımız daha yaxşısına ümid vermir. Hamı eyforiyadan ayılıb, gözləri alışıb-yanan futbolçular da təslim olub, qaçmaq üçün yer axtaran baş məşqçi Robert Prosineçki də.
 
İndi AFFA-nın baş katibi Elxan Məmmədov deyir ki, bu şüar Avro-2020 üçün düşünülüb, sadəcə, bu tsikldə də cəhd etmək istədik. Deməli, AFFA rəhbərliyi səhvləri etiraf etmək, bərbad günə qoyduqları futbol təsərrüfatından əl çəkmək əvəzinə, daha 2 il istəyirlər. Əslində, elə indikiləri postlarında saxlayan da Avro-2020 layihəsidi. Ondan sonra AFFA rəhbərliyinə gələcək insanlar çoxdan bəllidi, zamanlarını gözləyirlər. Ola bilsin, Şimali İrlandiya məğlubiyyəti bu prosesi sürətləndirsin, daha erkən etsin.
 
Elxan Məmmədovu və havadarlarını hələ də hakimiyyətdə saxlayan elə Avro-2020 layihəsidi. Baş katib hər dəfə bunu böyük uğur kimi qələmə vermək istəsə də, bunda ciddi rolu olmadığını deməyə cəsarət etmir. Çünki UEFA bir qupun və ¼ final oyununu heç də onların qara qaşına aşiq olduğu üçün Azərbaycana verməyib, bu işə dövlətin milyonları gedib. Müxtəlif reklam kampaniyaları, sponsorluq müqaviləsi əbəs deyil.
 
“Niyə də yox?!” fiaskoya uğrayandan sonra bəlli olur ki, AFFA ötən 10 il ərzində əslində, heç bir iş görməyib. Nə milli komandanın nəticələri, nə futbol təsərrüfatının dirçəlməsi baxımından heç bir addım atılmayıb. Qismən, infrastruktur yaxşılaşıb ki, bu da yenə dövlətin qayğısının nəticəsidi. Tikilən bütün stadionlar, bazalar SOCAR-ın/dövlətin maliyyəsi ilə ərsəyə gəlib. AFFA-dakılar isə hətta Fuad Musayevin dönəmində UEFA pulları hesabına ölkəyə qazandırılan “Şəfa” stadionunu da dəyər-dəyməzinə satıblar. Elitada oynayan klubların sayı 8-dək endirilib, iş adamları küsdürülüb.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp