AFFA-nın indiki rəhbərliyinin vaxtında yeganə, həm də indikiləri hakimiyyətdə saxlayan uğur klublarımızın avrokuboklardakı nəticələridi. O isə Elxan Məmmədovun əməyinin nəticəsi deyil, Heydərovların və Gözəl ailəsinin zəhmətinin bəhrəsidi.
 
Baş katib indi də klubları monopoliyası altına almaq planını işə salıb. O, ölkənin bir nömrəli klubu “Neftçi”ni Müşahidə Şurası oyunu ilə məhv edib, bu ideyaya boyun əyməyən klubları tarix səhnəsindən silib, sözə baxanları isə biznes alətinə çevirib. Yalnız “Qarabağ”la “Qəbələ” müstəqilliyini qoruyur. Amma onların qamarlanmaması da avrokuboklardakı uğurları ilə bağlıdı. Hansının ayağı büdrəsə, yıxılana balta çalmağı sevən Məmmədov həmin dəqiqə onların da boğazına çökəcək.
 
Milli komandanın son oyununda klubların necə məhv edildiyinə bir daha şahid olduq. Şimali İrlandiyaya qarşı matçın start heyətində ölkə klublarından yalnız “Qarabağ”la “Qəbələ”nin üzvləri var idi. Bəs hanı daim millinin baza klubu rolunu oynayan “Neftçi”, daim yığmaya oyunçu göndərən “İnter”, milli komandaların bazası olması məqsədi ilə yaradılmış “Sumqayıt”, daim futbolçu bulağı kimi tanınan “Kəpəz”in yetirmələri?
 
“Niyə də yox?!” deyirik, amma nəyə? Çökdürülmüş klub futbolu, məhv edilmiş uşaq-gənclər futbolu ilə milli komanda necə uğur qazana bilər. Təcrübəlilər yaş bitənə, milliləşənlər pul qurtarana kimi olacaq. Bəs sonrası?
 
Bunların bəhanəsi də var. Milliləşənlərin bolluğuna bəraət qazandırmaq üçün tez-tez azərbaycanlıdan futbolçu çıxmadığını dilə gətirirlər. Düzdü, rəsmi şəkildə bunu deyən yoxdu, özlərini “yandırmırlar”, amma yaxın çevrədə bu barədə söhbət edir, ictimaiyyət arasında yayılmasını təmin edirlər. Azərbaycana, onun dilinə hörmət etməmələri bir yana, insanını da aşağılamaq istəyirlər. Amma, lakin…
 
Ramil Şeydayevə baxaq. İstedadlıdı, əsl futbolçu keyfiyyətləri var, porensialı böyükdü və azərbaycanlıdı. Emin Mahmudov onun kimi. Rusiya millisinə qədər yüksələn, Rusiya klublarında transfer rekordları qıran Aleksandr Səmədovu da unutmayaq. Bəs, bu uşaqlar azərbaycanlı deyilmi? Fərq ondadı ki, onların yetişdiyi mühit fərqlidi. Mentaliteti bəhanə etməyək, Azərbaycanda onlardan da istedadlı uşaqlar var. Sadəcə, burada onların yetişməsi, inkişafı üçün münbit şərait yoxdu. Futbol təhsili sistemi bərbad vəziyyətdədi, hər yoldan keşən uşaq məşqçisi olur, tərcüməçi müəllim olub, lisenziya paylayır. Yaxşı məşqçinin əlinə düşən uşaqlar da millidə oynamaq səviyyəsinə çatanda hansısa dağıstanlı, türkiyəli və başqasını gətirib oynadırlar, beləcə uşaqların inkişafı dayanır.
 
Ölkədə normal akademiyalar yoxdu. Klublarımızda bu baxımdan iş görmək istəyənlər var, amma heç biri standartlara uyğun deyil. Belədə balacalar nəinki inkişaf etmir, əksinə, şikəst olurlar – həm təhsildən uzaq düşür, həm də futbolçu kimi yetişmirlər.
 
Sovet futbol sisteminin yetişdirdiyi veteranlar sıradan çıxdıqca oyunçu qıtlığını daha çox hiss edirik. Elementar hərəkətləri bilməyən futbolçularımıza indi yığmada, klubda uşaq vaxtı öyrənməli olduqlarını başa salmağa çalışırlar. Problem bünövrədədi və “Niyə də yox?!” deyib, pərdələnənlər əsas amili unudub, milli ilə nəticə qazanmağa çalışır. Milliləşənlərin, xaricdən tapılanların hesabına…
 
Vəli Qasımov İspaniyada oynadısa, buna görə Xarkov məktəbinə birclu olmalıdı. O, məhz Ukraynada yetişdi, Avropaya getdi, ən uğurlu legionerimiz oldu. Ölkədə futbolun qadağan edildiyi dönəmdə isə sovet məktəbinin yetişdirdiyi onlarla futbolçumuz İranın, Ukraynanın, Rusiyanın yüksək liqasına səpələndi. Onlar Vəli qədər uzağa gedə bilmədilər, çünki Azərbaycanda yetişmişdilər. İbdiki sistemdə, baxımsızlıq şəraitində yetişənlər isə hətta Xorvatiyanın aşağı dəstəsində də möhkəmlənə bilmir, sequndada baxışdan keçmir, Türkidə aşağı liqa həddində ilişib qalır.
 
AFFA rəhbərliyi işə məhz uşaq futbolundan başlamalı idi. Onları heç kim tələsdirmirdi. Bünövrə sağlam olsaydı, indi klublarımız yerli oyunçu qıtlığı yaşamaz, millilərdə ciddi rəqabət olardı. Bu zaman uğurlar, nəticələr də özünü gözlətməzdi. Bu gün “Niyə də yox?!” deyib, gözdən pərdə asanlar, fikir yayındıranlar normal işləsə, sistem yaratsaydı, uzun illərdən sonra stadiona gəlmiş ölkə başçısı İlham Əliyev rəzalətə şahid olmazdı. 17 yaşlıların Bakıdakı yarışında Portuqaliya qarşısında darmadağın olan o uşaqlar indi rəhbərlikdə olanların saldığı bağın meyvələri idi.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp