Robert Prosineçkinin milli komandamızın baş məşqçi postunu tərk etməsi zaman məsələsidi. Güman ki, bu həftə o, postunu tərk edəcək və “Bursaspor”la müqavilə bağlayacaq. Amma nədənsə AFFA hələ də gözləmə mövqeyindədi və durumu aydınladacaq bir aşıqlama vermir.
 
Xorvat məşqçi az öncə AFFA-da hesabat verib. Baş katib Elxan Məmmədovla görüşən Prosineçki Şimali İrlandiyaya qarşı son matçla bağlı qeydlərini çatdırıb, fikir mübadiləsi aparılıb. AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğluna inansaq, məşqçinin hansısa təklif alması ilə bağlı heç bir söhbət olmayıb: “Bu, adi hesabat idi və hər oyundan sonra olur. Prosineçki hər hansı təklif alması ilə bağlı heç nə demədi, AFFA-ya da heç bir müraciət olmayıb. Ona görə də bütün bunlar boş söhbətlərdi”.
 
Mikayıl bəyə Prosineçkinin, menecerinin, eləcə də Bursa klubu rəhbərliyinin açıqlamalarını xatırlatdıq. Necə ola bilər ki, bu qədər söz-söhbət müzakirə mövzusu olmasın. O isə daş atıb, başını tutdu, dediklərini təkrarlayıb durdu. Halbuki ortada fakt var və bunun müzakirəsi, ya təsdiq, ya da təkzib edilməsi, hətta bunun üçün baş katiblə məşqçinin birgə mətbuat konfransının keçirilməsi vacibdi.
 
Xorvat məşqçinin yerli mətbuata açıqlamasına diqqət edək: "2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin sonunadək müqaviləm var. Yəni, dekabradək Azərbaycanda qalmalıyam. Amma hər şeyi bazar ertəsi biləcəyəm. Rəhbərliklə görüşmək niyyətindəyəm. Bu görüşdən sonra gələcəkdə nə edəcəyimi müəyyənləşdirəcəyəm".
 
Bir gün öncə “Bursaspor” klubunun prezidenti Ali Ay isə fərqli açıqlama vermişdi: “Çox güman ki, gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu barədə geniş məlumatı rəsmi müqavilə imzaladıqdan sonra deyə bilərəm. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan Futbol Federasiyası ilə müqaviləsi davam edir. Prosineçki ilə razılaşmışıq. Çox güman ki, yeni baş məşqçimiz o olacaq. Məsələni 80 faizini həll etmişik. Amma müqavilə imzalamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Prosineçki ilə bağlı nəsə problem çıxsa, başqa namizədlərimiz də var”.
 
AFFA-nın baş katibi Elxan Məmmədovun fikirlərinə də diqqət edək: "Prosineçkinin AFFA ilə ilin sonunadək müqaviləsi var. Onun özü də dünənki mətbuat konfransında bunu bir daha vurğuladı. İndiyədək "Bursaspor" rəhbərliyi və baş məşqçinin meneceri səviyyəsində bizə Prosineçki ilə bağlı heç bir müraciət olmayıb. Robertin özü ilə hər gün AFFA-da görüşürük, ofislərimiz ayrı deyil. Onun özü də bizə bu haqda bir söz deməyib. Əgər həqiqətən də AFFA-ya müraciət etmədən Prosineçki ilə danışıqlar aparıblarsa, "Bursaspor" rəsmilərinin bu addımı etikaya uyğun deyil. Belə hərəkəti düzgün saymıram".
 
Karuseldi, hamı fırladır, amma kiminsə yalan danışdığı dəqiqdi. Məşqçinin meneceri, bursalıların prezidenti danışıqların getdiyini, təklifin olduğunu bildirir, Prosineçki hər şeyin aydınlaşması üçün bu günü nişan verir, Elxan Məmmədov isə ümumiyyətlə, hər hansı təklif almadıqlarını dilə gətirir. Kimə inanasan?
 
Belə durumda adətən bir yol qalır: suları durultmaq, vəziyyəti dəqiqləşdirmək üçün bu insanları üz-üzə gətirmək. Belə imkan yoxdusa, problemin sivil yolla həlli üçün yollar var. AFFA rəsmi şəkildə FIFA-ya, UEFA-ya müraciət etməlidi. Baş katib etika dərsi keçməkdənsə elə həmin qurumların Etika Komitəsinə şikayət göndərməliydi. Prosineçkinin müqaviləsinin bitiminə yarım ildən çox var – bu isə o deməkdi ki, kiminsə AFFA-dan xəbərsiz onunla danışıq aparması həm də beynəlxalq qaydaların pozulması deməkdi. Bu səbəbdən Transfer Komitəsinə və ya digər müvafiq orqanlara da rəsmi qaydada şikayətlənmək lazımdı.
 
AFFA bunları etmirsə, deməli, rəsmi təklif alıblar, amma bunu gizlədirlər, vəziyyətdən hansısa formada qazanclı çıxmaq istəyirlər. Hörmətli baş katib bilməmiş olmaz, mətbuatda çıxan bütün açıqlamalar FIFA və UEFA-da rəsmi sənəd kimi qəbul edilir. Deməli, şikayət etmək, qarışıq vəziyyətə son qoymaq üçün münbit şərait var. Yox, belə durumda Şimali İrlandiyaya məğlubiyyəti unutdurmaq, ictimaiyyətin fikrini digər məsələlərlə məşğul etmək istəyirlərsə, bu, başqa məsələ.
 
Məsələyə AFFA prezidenti də qarışmalıdı. Çünki son oyundan öncə, aylardı gündəmi məşğul edən bu söhbətlər istər-istəməz milliyə mənfi təsir göstərdi. Həm məşqçi, həm də futbolçular mümkün ayrılığın yaratdığı qeyri-müəyyən ab-havanın əsiri oldular.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp