Milli komandamızın Şimali İrlandiya ilə matçda oyun praktikasının yoxluğundan əziyyət çəkdiyi aşkar görünürdü. Milli komandanı 2 həftə Avstriyada məşq etdirib heç bir sınaq görüşü təşkil etməyənlər bunun əsas günahkarı idi. İş düzgün qurulsaydı, oyun da olardı, normal hazırlıq da. Bunun əvəzində 30 min azarkeş stadiondan boynubükük getməzdi.
 
İşi dünənki uşaqlara tapşıranda nəticə də belə olmalıydı. Yığmanın meneceri Riad Rəfiyevin nə təcrübəsi, nə də bacarığı bu postu tutmağa imkan vermir. O, futbolçu transferi ilə məşğuldu, ancaq öz qazancını düşünür, milli komanda, ölkənin şərəfi vecinə də deyil.
 
Heç rəqib tapılmaması barədə deyilənlər də doğru deyil. Millimizin Avstriya toplanışını təşkil edən Coşqun Yılmaz “Futbolinfo”ya müsahibəsində etiraf etdi ki, Paraqvayla oynamaq şansı var imiş. Sadəcə, rəqib 30 min avro istəyib və oyun baş tutmayıb. Coşqun bəy bu matçın baş tutmasına pula görə özünün mane olduğunu deyir, lakin təbii ki, belə deyil.O, sadəcə, iş ortaqlarını çətin vəziyyətdə qoymaq istəmir. Avstriya toplanışında yüzminləri boşa verən AFFA rəhbərliyi xərclərin şişməməsi üçün bundan vaz keçib.
 
Başqa bir mənbədən öyrəndik ki, millimizin Hollandiya ilə oyunu da eyni səbəbdən baş tutmayıb. Bizimkilər güclü rəqibin kiçik miqdarda para tələbini geri çeviriblər. Ukrayna millisi isə rəqib axtararkən bizimkilərə yaxın durmayıb. Əvvəlki toplanışlardan birində AFFA rəsmiləri onlara kələk gəlib, hansısa ödənişi çatdırmayıb və bu üzdən sözügedən komandanın rəhbərliyi bizimkilərdən uzaq qaçıb.
 
Bəli, ölkədə real iqtisadi durum elədi ki, Paraqvaya, Hollandiyaya 30 min avro ödəyib, sınaq matçı keçirmək məntiqsiz görünür. Amma unutmaq olmaz ki, dövlət bu pulu futboldan əsirgəmir, bu sahənin inkişafı üçün hər cür fədakarlığa qatlaşır. 30 min qədri bilən olublar. Maraqlıdı, 1 milyon ödəyib Eddi İsrafilovu yığmaya gətirəndə bu ağıl hara getmişdi. Bu qədər xərc çəkilən oyunçu millidə ehtiyatda oturdulacaq səviyyədə imişsə, indi həmin pulların hesabatı niyə verilmir?
 
“Niyə də yox?!” demək asandı, camaatı aldatmaq da. Amma belə yalanların ömrü 40 gün çəkir…
 
VÜSAL MAHMUDOV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp