Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyunu keçirib. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda Avstriyanın regional liqasında mübarizə aparan “Fulpmes” klubu ilə qarşılaşıb.
 
Matç "Qəbələ"nin rəqibini darmadağın etməsi ilə nəticələnib – 8:0. Hər hissədə 4 qol vuran "qırmızı-qaralar" rəqibini meydana çıxmağa peşman edib. Gənc Ülvi İbazadənin dubl etdiyi görüşdə Baqali Dabo, Tellur Mütəllimov, İlqar Qurbanov, Filip Ozobiç, Elvin Camalov və Qismət Alıyev də fərqlənib.
 
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular bu oyunda yer almayıblar. Belə ki, Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev, Ürfan Abbasov və yeni transfer Elvin Məmmədov kluba iyunun 15-də qoşulacaq.
 
Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 15-də “Terek” (Rusiya), 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp